Məmmədyarov Ekvatorial Qvineyanın nümayəndə heyətini qəbul etdi
Xarici İşlər naziri Elmar Məmmədyarov Ekvatorial Qvineyanın mədənçilik və hidrokarbon məsələləri üzrə dövlət katibi Santiaqo Mba Eneme Nsuqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Rakus.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən Santiaqo Mba Eneme Nsuqa 2019-cu ilin 27-29 noyabr tarixlərində Ekvatorial Qvineyada keçiriləcək Qaz ixrac edən ölkələrin Forumunda iştirak ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış dəvət məktubunu ali ünvan sahibinə çatdırılması məqsədilə nazir Elmar Məmmədyarova təqdim edib.
Dəvətə görə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov məktubu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edəcəyini bildirib. Daha sonra nazir Elmar Məmmədyarov 2019-cu ilin oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Ekvatorial Qvineyadan yüksək səviyyəli nümayəndə heyətinin iştirakına ümidvar olduğunu diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.