“Şamaxinka”da qaz xətləri yenilənir
Bu gün saat 10:00-dan etibarən Bakı-Sumqayıt yolunun “Şamaxinka” adlanan ərazisindən və Biləcəri enişindən keçən hissəsində təmir-tikinti işlərinə başlanılıb. Əraziyə texnika və işçi heyət cəlb olunub.
Rakus.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, diametri 530 millimetr olan orta təzyiqli 2 ədəd yeraltı qaz kəmərinin sürüşmə zonasında yerləşməsi və sair amillər nəzərə alınaraq istismara yararsız hissəsinin əsaslı təmir olunmasına zərurət yaranıb. Bu böyükhəcmli təmir işindən sonra Yasamal, Nəsimi və Binəqədi rayonlarında yaşayan ümumilikdə 108 min istehlakçının qaz təchizatı xeyli yaxşılaşacaq.
Haqqında danışılan qaz kəməri ötən əsrin 70-ci illərində istismara verilib, həmin yerdə avtomobil tunelinin tikintisi ilə əlaqədar 2004-cü ildə trayektoriyası dəyişdirilib. Artıq qazıntı işlərinə başlanılıb və “Azəriqaz” İB-nin əməkdaşları qeyri-iş günlərində də təmir-tikintiyə cəlb olunacaqlar. Ərazidə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyətləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tənzimləyir.