Qondarma “DQR”-in hesabatı BMT-nin saytında yerləşdirildi
Azərbaycana qarşı daha bir təxribat törədilib.
Rakus.az xəbər verir ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nın (“DQR”) Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə Könüllü Milli İcmalı BMT-də rəsmi sənəd qismində yayılıb.
İcmal qondarma respublika hökumətinin demokratik və dayanıqlı ölkə qurulmasına, ölkənin iqtisadi, sosial və mədəni inkişafını təmin etməyə yönəlmiş ümumi siyasətini təqdim edir.
İcmalda, həmçinin, davamlı inkişaf sahəsində Azərbaycan tərəfindən ciddi təhlükəsizlik çağırışlarına, təhdidlərə baxmayaraq, xüsusi məqsədlərin həyata keçirilməsi üzrə irəliləyişlər haqda məlumat verilir.
Məlumatda bildirilir ki, icmal qondarma “DQR”-in “Xarici İşlər Nazirliyinin” təşəbbüsü ilə hazırlanıb və qondarma respublikanın “Davamlı İnkişaf üzrə Milli Şurası” tərəfindən təsdiqlənib.
Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim olunmuş sənəd BMT-nin rəsmi saytında yerləşdirilib.
Xatırladaq ki, bu ilin aprelində də Ermənistan öz illik hesabatı ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edib və bu sənədlər BMT-nin rəsmi səhifəsində yayımlanıb.
Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirilib və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirilib. (apa.az)