Deputat: Paşinyan erməni xalqına xəyanət edir
“Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm açıqlamaları ilə özünü gülünc vəziyyətinə qoyub. Onun avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistandır, vəssalam” açıqlaması və Ermənistanla Dağlıq Qarabağın birləşdirilməsini nəzərdə tutan “miatsum” ifadəsi sayıqlamadan başqa bir şey deyil”.
Rakus.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva söyləyib.
Aytən Mustafayeva vurğulayıb ki, Paşinyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hər vəchlə sülh yolu ilə həllinə mane olmağa çalışır. Özünü qeyri-adekvat aparan Paşinyan ağılsız bəyanatları ilə saysız-hesabsız vədlər verdiyi erməni xalqına da xəyanət edir.
Deputat qeyd edib ki, Ermənistanın baş nazirinin bəyanatları Azərbaycanı adekvat addımlar atmağa məcbur edir. Azərbaycan dövləti heç kimdən çəkinmir. Sadəcə, Azərbaycan təcavüzkar Ermənistandan fərqli olaraq sülhü, humanizmi dəstəkləyir, qan tökülməsini, insanların tələf olmasını istəmir, regionda sülhə, sabitliyə, əmin-amanlığa nail olmağa çalışır. Ermənistan rəhbərliyi öz işğalçılıq siyasətini davam etdirərək tez-tez çıxışlarında Qarabağ icması ilə bağlı məntiqə uyğun olmayan çıxışlar edir. Vaxtilə Qarabağda təkcə azərbaycanlılar deyil, digər millətlərin və xalqların nümayəndələri də yaşayıblar. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq müxtəlif xalqların yaşadığı multikultural ölkədir və bunu bütün dünya bilir.
Münaqişənin nizama salınmasında Azərbaycanın mövqeyinin birmənalı olduğunu diqqətə çatdıran Aytən Mustafayeva Dağlıq Qarabağın tarixən Azərbaycanın əzəli və əbədi torpağı, ayrılmaz hissəsi olduğunu bildirib. Bu səbəbdən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa edilməsini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını tələb edir. Prezident İlham Əliyev bütün dünyaya bəyan edib ki, Azərbaycan bundan sonra da nə danışıqlar prosesində, nə də bölgədə gedən başqa proseslərdə öz prinsipial mövqeyindən geri çəkilməyəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Xalqımız inanır ki, haqq-ədalət öz yerini tapacaq və Azərbaycanın əzəli və əbədi torpaqları işğaldan azad ediləcək. Buna heç bir qüvvə mane ola bilməz.