DAP erməni terrorçuya abidə ucaldılmasına etirazını bildirdi
Dünya Azərbaycanlıları Platformasının (DAP) Ankarada təşkil etdiyi “Dünya azərbaycanlılarının Türkiyə görüşü” adlı konfransında Ermənistanın işğalçılıq siyasətinə və terrorçuluğu dəstəkləməsinə qarşı kəskin şüarlar səsləndirilib.
Rakus.az xəbər verir ki, Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek Tələt Paşanın qatili olan erməni terrorçu Soğoman Tehliryana Yerevanda abidə ucaldılmasını sərt tənqid edib. Çıxışçı qeyd edib ki, sözügedən heykəl əsasında Tələt paşanın təhqir olunması insanlığa qarşı hörmətsizlikdir.
D.Perinçekin səsləndirdiyi fikirləri dəstəklədiyini bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım saxta “erməni soyqırımı” mövzusu ilə bağlı iştirakçılara geniş məlumat verib. O diqqətə çatdırıb ki, erməni vandalları əsl soyqırımı 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədiblər. Azərbaycan torpaqlarının 20 faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanılması bu dövlətinin terrorçuluq niyyətini əks etdirir.
Konfrans iştirakçıları adından S.Tehliryanın Yerevandakı heykəlinin götürülməsi ilə əlaqədar dünya ictimaiyyətinə müraciət qəbul olunub. Müraciətdə qeyd olunur ki, xalqlar arasına nifrət toxumu səpən bu heykəlin mövcudluğu sülhsevər dünyaya qarşı hörmətsizlik və təhqirdir.