Yüksələn “Qarabağ”, enən “Neftçi”…
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb. Bu, Qurban Qurbanovun “Qarabağ”ının hazırkı Azərbaycan Premyer Liqasında ilk dörd turda göstərdiyi yüzfaizli nəticədir. Üstəgəl bu mövsüm Avropada qarşıya qoyulan minimum hədəfə də nail olunub. “Qarabağ” Avropa Liqasının qrupundadır. Bu həftənin dördüncü günü komanda Bakıda İspaniya “Sevilya”sı ilə qarşılaşacaq. Çoxlarına görə, dünyanın ən güclü liqasının lideri ilə.
Bəs “Qarabağ” hansı liqanı təmsil edir?
Futbolumuzun neçə illərdi yaxşı günlərini yaşamadığını hamı qəbul edir. Yerli çempionatın, klubların səviyyəsi daha da aşağı düşür. Bölgədə futbol ölüb. Bir “Qəbələ” qalıb, amma büdcəsi kəskin azaldıldığından onların bu mövsümü başa vurub-vurmayacağı sual altındadır. “Neftçi”də isə yaxşı pul olsa da, iş düz qurulmayıb. Ona görə də ötən mövsümkü ilə indi komanda arasında böyük uçurum yaranıb. O dərəcədə ki, dörd turdan sonra “Qarabağ”dan düz səkkiz xal geri qalırlar. Azarkeş necə vaxtdır narahatdır. Uğursuz nəticəyə görə komandalarının oyunlarını boykot edirlər, tribunaya gələnlər isə az qala hər tur istefa şüarı səsləndirirlər. Klubun sponsoru SOCAR-ın, axır ki, bu etiraz çağırışlarını eşitməsi və konkret iş görməsi lazımdır. İndiki idarəçilər ya göndərilməli, ya da işlərini düzəltmələri üçün onlarla daha ciddi söhbət aparılmalıdır. “Neftçi” düzəlməsə, çempionatda intiriqa ilk turlardan ölməyə başlayacaq. Necə ki, bunun işartıları artıq görünməkdədir. Kluba cavabdeh insanlar həm də AFFA-nın rəhbərliyindədirlər və onların da problemə təcili müdaxiləsi lazımdır.
İndiki məqamda isə ən çox özünü bəzən italyan xuliqanları kimi aparan baş məşqçi Bordinə tutduğu vəzifənin məsuliyyəti başa salınmalıdır. Çünki hər xal itkisindən sonra təlxəklik etmək, hər adi epizoda görə özündən çıxmaq, tullanıb-düşməklə uğur qazanmırlar. Bir məşqçi emosiolarına hakim olmağı bacarmalıdır. Əgər uğurun modeli hər şeyə çılğıncasına reaksiya vermək olsaydı, bu gün Yılmaz Vuralın qarşısında heç məşqçi və komanda daya bilməzdi.
Bir məşqçinin qələbəyə gedən yolu onun futbol biliyi ilə yanaşı, həm də təmkinli və soyuqqanlı davranışından keçir. Məsələn, götürək, Bordinin həmkarı Qurban Qurbanovu. O, bu mövsümkü fəaliyyəti ilə bir daha nümayiş etdirir ki, əgər texniki, ya da taktiki səhvi varsa, onu vaxtında düzəltməyi bacaran biridir. Uğursuzluq olanda məsuliyyəti kiminsə üzərinə atmır, yersiz hay-küy qaldırmır. Süni ajiotaj yaratmır. Komandasında ciddi nizam-intizam yaradıb. Kiçik təbii istisnaları kənara qoysaq, “Qarabağ”lı futbolçuların meydanda, məşqçilərinin texniki zonada daxili qaydaları pozan hərəkətlərini kimsə görməyib, eşitməyib. Klubun rəhbərliyinin onun işinə müdaxiləsinə imkan da verməyib. Yavaş-yavaş, səbrlə yaxşı bir komanda qurub. Ətrafına güvəndiyi etibarlı insanları toplayıb.
APOEL-lə Bakıdakı oyunu çıxmaqla bu ilki fəaliyyətini həqiqətən əla qiymətləndirmək olar. Əvvəlcə çempionluq, sonra Avroliqanın qrupu. Bugünkü “Qarabağ”a fikir verin. Ötən ilki ilə indiki arasında xeyli fərq var. Futbolçular daha inamlı görünürlər. Hardasa 2017-ci ildə Çempionlar Liqasında qrupa düşən həmin o komandanı xatırladır. Yeni transferlərin ümumi səviyyəsi 90 faiz özünü doğruldur. Əsasən Xayme. Və.. bir oyunla futbolçuya qiymət vermək tez olsa da, yeni qapıçı Asmir Beqoviçin dünən “Neftçi” ilə matçda əla, rahat və soyuqqanlı oyununu qeyd etməmək olmur. Yaxud ötən ilki transfer Abdullah Zubir. Bu bir il ərzində fantastik irəliləyişə nail olub. Qurban Qurbanov adları çəkilən və çəkilməyən əcnəbi, həmçinin yerli futbolçuların simasında yaxşı, sanki yeni bir kollektiv formalaşdırıb.
Və o kollektivin iki yerli gənc üzvü də var ki, bu yazıya da onların üzərində ayrıca dayanmaqla yekun vuracağam. Onlar Qurban Qurbanovun rəhbəri olduğu məşqçi korpusunun inkişaf etdirdiyi futbolçulardır.
21 yaşlı İsmayil İbrahimli əsasən, limit məsələsinə görə ilk onbirlikdə yer alır.
İlk üç matçda üç qol da vurub. Təcrübə azlığı hiss olunsa da, ümumən yerli oyunlar üçün komandasına köməyi dəyir. Bu gedişlə də Azərbaycan futbolu və “Qarabağ” üçün yaxşı bir kadr olacağına şübhə olmamalıdır. Amma mənə görə, gənc yaşda erkən şöhrət xəstəliyinə yaxalanmamaq üçün ən azı bu mövsümün sonuna kimi media ilə münasibətdən uzaq tutulmalı, İnstaqram və Feysbuka girişinə də qadağa qoyulmalıdır. Təcrübə göstərir ki, sosial şəbəkələr bizim neçə-neçə gənc oyunçumuzun karyerasına ciddi zərbə vurub.
Və 17 yaşlı Musa Qurbanlı.
Qurban Qurbanovun hücumçu olan oğlu. O, İsmayıl kimi Premyer Liqamızda hələ çıxış etməyib. Amma aşağı yaş qrupları üzrə millilərimizin daimi futbolçudur. Bu günlərdə U-21-lə Gürcüstanla matçda qol vura bilmədiyinə görə necə göz yaşı tökdüyünə çox adam şahid oldu. Bu nə deməkdir? Əgər bir insan 17 yaşında özündə bu qədər məsuliyyət edirsə, deməli, xarakteri var və gələcəkdə həqiqətən yaxşı bir oyunçu olacaq. Və onu gələcək uğura bu gün qol vura bilmədiyi üçün tökdüyü o göz yaşı, o göz yaşının arxasında gizlənən vicdan, peşəkarlıq aparacaq. Karyerasını harada və kiminlə davam etdirməsindən asılı olmayaraq…
Aydın BAĞIROV
aydin@qol.az