SİA 11 il ərzində ətrafında oxucu ordusu cəmləyib – Bəhruz Quliyev
“SƏS” İnformasiya Agentliyi fəaliyyət göstərdiyi 11 il ərzində kifayət qədər nüfuz qazanıb, ətrafında oxucu ordusu cəmləyib.
Rakus.az xəbər verir ki, bunu açıqlamasında “SƏS” İnformasiya Agentliyinin (SİA) baş direktoru Bəhruz Quliyev deyib.
Agentlik rəhbəri bildirib ki, SİA 1991-ci ildən fəaliyyət göstərən “SƏS” qəzetinin bazasında yaradılıb: “Daim dövlətə, dövlətçiliyə, azərbaycançılıq ideologiyasına xidmət etməyə çalışmışıq. Ulu öndər Heydər Əliyev həmişə “SƏS” qəzeti haqqında seçilən fikirlər səsləndirib, qəzetin fəaliyyətini yüksək qiymətləndirib. Ümummilli lider həmişə çıxışlarında “SƏS” qəzeti mənim ən çox sevdiyim qəzetdir, tarixi qəzetdir və missiyasını vaxtında yerinə yetirir”, deyirdi. Biz də ona görə ulu öndərin etimadını doğrultmaq üçün modernləşməyə üstünlük verdik və qəzetin bazasında informasiya agentliyini yaratdıq”.
B.Quliyev qeyd edib ki, bu gün SİA kifayət qədər oxucu auditoriyasına malikdir: “2011-ci ildən etibarən agentliyin bazasında internet televiziyasını yaratdıq. Hazırda “SƏS” internet televiziyası Azərbaycanda ilk olaraq 24 saat onlayn efirin verilməsinə xidmət edir. Biz nümunə olaraq göstərdik ki, bu proses internet üzərindən mümkündür. “SƏS”in bazasında formalaşan bu resurslar bu gün üçün internetdə, sosial şəbəkələrdə kifayət qədər auditoriyası, abunəsi olan resurslardır. Bu gün “SƏS”in ətrafında çox böyük izləyici kütləsi toplaşıb. Mən deyərdim ki, “SƏS”in oturuşmuş təcrübəsinin üzərində bu gün böyük bir məktəb yaranıb. İnformasiya agentliyi qocaman işçilərin təcrübəsindən bəhrələnərək hazırda yeni nəsil jurnalistlər yetişdirir. Vaxtilə SİA-da işləmiş, yetişmiş jurnalistlər bu gün ölkənin aparıcı mətbuat orqanlarında və dövlət qurumlarında çalışırlar. Təbii ki, SİA-nın Azərbaycan mətbuatının inkişafına verdiyi bu töhfə bizi sevindirir”. (trend.az)