Qazaxıstanda Beynəlxalq Ədliyyə Forumu keçirildi - FOTO
18 sentyabr 2019-cu ildə Qazaxıstanda “Ədliyyənin idarəolunması: qlobal tendensiyalar və müsbət təcrübələr” adlı Beynəlxalq Ədliyyə Forumu keçirildi.
Rakus.az xəbər verir ki, tədbir Beynəlxalq Hakimlər Assosiasiyası və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyası ilə Qazaxıstanın Ali Məhkəməsi tərəfindən təşkil edildi. Təntənəli keçirilən bu dünyamiqyaslı beynəlxalq iclasda 118 ölkəni 1100-dən çox iştirakçı təmsil etdi. Onların sırasında Serbiya, Gürcüstan, Moldova, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və digər dövlətlərin Ali Məhkəməsinin sədrləri və sədr müavinləri, ABŞ, Sinqapur, Yaponiya, İngiltərə, İtaliya, Fransa, Səudiyyə Ərəbistanı və digər ölkələrin Ədliyyə Nazirliklərinin vəzifəli şəxsləri, habelə dövlət məmurları və ədliyyənin sahəsi üzrə nüfuzlu beynəlxalq ekspertlər öz təcrübələri ilə bölüşdülər.
Qürurverici haldır ki, tədbirin açılışını və birinci hissənin moderatorluğunu həmyerlimiz Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ – SEPEJ) prezidenti hakim Ramin Qurbanov apardı.
Tədbirin birinci hissəsində açılış nitqləri ilə İngiltərənin məhkəmə sisteminin sabiq rəhbəri, hazırda Astana Beynəlxalq Maliyyə Mərkəzi Məhkəməsinin sədri Lord Vulf, Beynəlxalq Hakimlər Assosiasiyasının prezidenti Tony Pagone, Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyasının prezidenti Mark Beer və Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanov çıxış etdilər.
Həmçinin, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanovun Qazaxıstanın Ali Məhkəməsinin sədri Jakip Asanovla, habelə Avropa və Asiya ölkələrinin digər Ali Məhkəmə sədrləri ilə ikitərəfli görüşlər keçirildi.
Məlumat üçün bildirilir ki, Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası bütün Avropa məkanında ədliyyənin idarəolunmasının keyfiyyətinin gücləndilməsinə cavabdeh olan Avropa Şurasının ən nüfuzlu ixtisaşlaşmış qurumudur və buna görə təsadüfi deyil ki, ədliyyənin idarəolunması sahəsində beynəlxalq forumun açılışı bu komissiyanın rəhbərinə həvalə olundu.