Gürcüstan şəhərlərində NMR-nın ticarət evləri açılacaq
Azərbaycan bizim strateji tərəfdaşımızdır, iqtisadi, humanitar, turizm sahələrində əlaqələrimiz yüksək səviyyədədir. Dostluq münasibətlərimizin fonunda regional əlaqələrimiz də inkişaf edir. Bu əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının özünəməxsus yeri var.
Rakus.az xəbər verir ki, bu sözləri müsahibəsində muxtar respublikada səfərdə olan Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze söyləyib.
Diplomat deyib: “İlyarım bundan əvvəl Naxçıvanda olmuşdum və bu gün gördüm ki, qısa zamanda müsbət mənada xeyli dəyişikliklər baş verib, yeni müəssisələr açılıb, infrastruktur yenilənib, çoxfunksiyalı “Saat meydanı” yaradılıb. Qısa səfərim çərçivəsində qabaqcıl sənaye müəssisələri ilə tanış oldum, ikitərəfli əlaqələrimizin inkişafı üçün geniş imkanların mövcudluğunu bir daha gördüm. Tezliklə Azərbaycan və Gürcüstan hökumətlərarası komissiyasının iclası keçiriləcək, eləcə də biznes forum olacaq. Bu çərçivədə gürcü sahibkarların Naxçıvan Muxtar Respublikasını da ziyarət etməsi nəzərdə tutulur. Bunun ikitərəfli regional əməkdaşlığa müsbət təsir göstərəcəyini düşünürəm. Regionlarımız arasında turizm əlaqələrinin də inkişafı üçün potensial mövcuddur. Səfər zamanı burada dağ-xizək və müalicə turizm sahələrinin də inkişaf etdiyini gördük. Yeri gəlmişkən, gürcü uşaqların Duzdağ Fizioterapiya Mərkəzində müalicə almasına göstərdiyi köməyə görə də muxtar respublika rəhbərinə minnətdarlığımı bildirirəm”.
“Gələcəkdə qarşılıqlı olaraq turizm potensialının tanıdılması üçün mediaturlar təşkil etməyi düşünürük, həmçinin iqtisadi sahədə də əməkdaşlıq üçün müəyyən qərarlar qəbul etmişik. Gürcüstanın müxtəlif şəhərlərində Naxçıvan Muxtar Respublikasının ticarət evlərinin açılmasını razılaşdırmışıq, əlaqələrin inkişafı üçün əlimizdən gələni etməyə çalışacağıq. Ümidvaram ki, birgə səylərimiz öz müsbət nəticələrini verəcək”, – deyə Zurab Pataradze bildirib. (AZƏRTAC)