Əli Əhmədov Milli Şuranın icazəsiz aksiya keçirmək barədə qərarına münasibət bildirdi
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov Milli Şuranın oktyabrın 8-də Bakı Şəhəri İcra Hakimiyyətinin inzibati binasının qarşısında razılaşdırılmamış piket keçirmək barədə qərarına münasibət bildirib.
Rakus.az xəbər verir ki, Ə. Əhmədov deyib ki, onlara Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yer ayrılıb: “O şey ki, icazəsizdir, onu etmək olmaz. Lökbatan Bakı şəhərinin ərazisidir. Yəqin ki, bunu özləri də bilirlər. Sadəcə, onlar mitinqi insanların kütləvi olduğu yerdə keçirmək, bununla da özlərinin sosial bazalarının guya geniş olduğunu göstərmək istəyirlər. Mitinq keçirmək üçün ən yaxşı yer stadion olar. Nə qədər adamları var, Lökbatana stadiona dəvət etsinlər, mitinqlərini keçirsinlər. Bəhanə gətirməsinlər ki, Lökbatan uzaqdır. Mən hesab etmirəm ki, Lökbatan uzaqdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, biz YAP olaraq, vaxtı ilə həmin stadionda mitinqlər keçirmişik”.