RTQ-nın III beynəlxalq forumu keçirilir
Bu gün Bakıda Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” mövzusunda üçüncü beynəlxalq konfrans keçirilir.
Rakus.az xəbər verir ki, tədbirdə əsasən İpək yolu boyunca rəqəmsal layihələr, maliyyə və bank texnologiyaları, eləcə də e-hökumət həlləri müzakirə olunur.
Beynəlxalq konfransda açılış nitqi zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməklə təkcə nəqliyyat, logistika, neft-qaz layihələrini deyil, eyni zamanda rəqəmsal təşəbbüsləri də dəstəkləyir: “Böyük İpək yolunun üzərində yerləşməklə Azərbaycan dünyada ikinci dəfə Rəqəmsal Ticarət Qovşağını yaradıb, eyni zamanda dördüncü sənaye inqilabi mərkəzi ilə əməkdaşlığa başlayıb. Konfrans çərçivəsində “Bir kəmər, bir yol” layihəsi üzrə rəqəmsal təşəbbüslər ətrafında müzakirələr təşkil edilib. Azərbaycan bir tərəfdən Böyük İpək Yolu üzrə fiziki rəqəmsal infrastrukturun yaradılmasını həyata keçirir, digər tərəfdən isə Böyük İpək Yolu üzrə rəqəmsal həllərin təmin edilməsində fəal iştirak edir. Digər tərəfdən isə Azərbaycanda Böyük İpək Yolu layihəsinin rəqəmsallaşması istiqamətində dövlət-özəl partnyorluğu həyata keçirilir.”
Daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəqəmsal transformasiya üzrə həyata keçirilən islahatlar, reallaşdırılan layihələr, dövlət qurumları ilə banklar və maliyyə bazarlarının digər iştirakçıları arasında qarşılıqlı əməkdaşlığı qaçılmaz edir: “Elektron və mobil rezidentlik çərçivəsində Azərbaycanda ilk dəfə Rəqəmsal Ticarət Qovşağının təşəbbüsü ilə qeyri-rezidentlər üçün banka getmədən məsafədən bank hesabının açılması xidməti təqdim ediləcək. Əlavə olaraq hazırda qeyri-rezidentlərin şirkətlərinin sosial xidmətlərdən istifadə edilməsi, habelə həm özəl, həm dövlət xidmətlərinə çıxışın təmin olunması istiqamətində fəaliyyət göstərilir. Təsadüfi deyil ki, Rəqəmsal Ticarət Qovşağının fəaliyyəti dövründə əldə olunan uğurlar və davamlı formada həyata keçirilən islahatlar Rusiya, Türkiyə, Gürcüstan, Böyük Britaniya, İspaniya, Hindistan və digər dövlətlərin marağına səbəb olur.”
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, bu gün ölkəmizdə elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər çərçivəsində əhəmiyyəti layihələr həyata keçirilir. Ötən dövr ərzində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara 33 milyondan çox xidmət göstərilib. Aparılan işlər yaxın gələcəkdə bu xidmətlərin oflayn mühitdən onlayn çərçivəyə daha sürətli keçməsini təmin etməyə yönəlib. İnformasiya sistemlərinin inteqrasiyası, dövlət orqanları arasında məlumat mübadiləsinin təhlükəsiz mühitdə aparılmasının təmin edilməsi məqsədilə elektron hökumət infrastrukturu yenilənmiş, cari ilin iyun ayından etibarən vətəndaşın şəxsi kabineti əsaslı “myGov” platforması istifadəyə verilib. Bundan başqa rəqəmsal həllərin hazırlanması, dövlət-özəl tərəfdaşlığı çərçivəsində layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.
PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, Rəqəmsal Transformasiyaya ilk addım atan kommersiya qurumlarından biri olaraq, Paşa Bank son iki il ərzində bu sahədə müəyyən praktiki təcrübə əldə edib: Biz bu təcrübəmizi tərəf müqabillərimizlə bölüşməyə hazırıq. Bu aspekt də bu gün imzaladığımız memorandumunun məqsədlərindən biridir. Elektron və Mobil rezidentlərin maliyyə xidmətlərindən daha səmərəli istifadə edə bilməsi üçün digər təşəbbüslərin və yeniliklərin təqdim olunmasına hazır olduğumuzu da qeyd etmək istərdim.”
Tədbirdə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi AzerTelecom şirkətinin baş direktoru Fuad Allahverdiyev İKT sahəsində davamlı inkişafdan, eləcə də özəl sektorun İKT sahəsinə verdiyi tövhələrdən danışıb: “Şirkətimiz tərəfindən hazırda Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital HUB” proqramı icra edilir. Qeyd edim ki, AzerTelecom şirkəti Dövlət-Özəl sektor Tərəfdaşlığı üzrə qurulan Konsorsiumun üzvüdür. Şirkət Konsorsium çərçivəsində birgə fəaliyyətin səmərəli təşkili üçün rəqəmsal infrastrukturdan istifadə, “Digital HUB” proqramı çərçivəsində Konsorsiumun əlaqələrinin daha da genişləndirilməsi və s. məsələlərə öz töhfəsini vermək niyyətindədir.”
Rəqəmsal Ticarət Qovşağının üçüncü beynəlxalq forumunda ilk dəfə Dövlət və Özəl Tərəfdaşlığı müqaviləsi Asan İmza vasitəsi ilə onlayn imzalanıb. Müqaviləni fəaliyyət sahəsi üzrə kifayət qədər uğur qazanmış tərəflər – İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, PAŞA Bank, B.EST Solutions, AzerTelecom imzalayıblar. Onlayn müqavilənin imzalanması ilə tərəflər vahid bir sistem kimi, Azərbaycanın Rəqəmsal Qovşaq kimi regionda və dünyada mövqeyinin gecləndirilməsi üçün birgə fəaliyyətə başlayacaqlar.
İmzalanmanın ardınca konfransda iştirak üçün Estoniyadan Azərbaycana gələn ilk e-rezidentlik proqramının qurucusu, keçmiş icraçı direktoru Kaspar Koryus “Estoniyanın eRezidentliyi – Estoniyadan e-Rezidentliyinin təcrübə və tövsiyyələri” mövzusunda təqdimatla çıxış edib. O Estoniya təcrübəsi, inkişaf xətti və gələcək planları barədə iştirakçılara ətraflı məlumat verib.
Konfrans daha sonra “Sosial, İqtisadi və Maliyyə sektorlarında rəqəmsal yeniliklər” başlıqlı panel müzakirəsi ilə davam edib. Paneldə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli, Paşa Bankın nümayəndəsi, Səbinə Qurbanova, Elektron Hökumətin İnkişafı Mərkəzinin nümayəndəsi Fərid Vəliyev çıxışlar edib.
Azərbaycanın İspaniya Krallığından e-Rezidenti David Orgaz Parejo iştirakçılarla rezidentliklə əldə edilən üstünlüklərdən və imkanlardan danışıb.
Qeyd edək ki, tədbirdə AzerTelecom, Best Solutions, Caspian Audit şirkətlərinin dəstəyi və PAŞA Bankın sponsorluğu ilə həyata keçirilib. Azərbaycanda Rəqəmsal Ticarət Qovşağına aid üçüncü beynəlxalq konfransda ABŞ, İsrail, Rusiya, Böyük Britaniya, Estoniya, Türkiyə, İspaniya və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edir.