Xiyar yeyin, çünki qan təzyiqini sabit saxlayır –MƏSLƏHƏT
Yay süfrələrini və salatlarını xiyarsız təsəvvür etmək mümkün deyil.
Rakus.az xəbər verir ki, bu tərəvəzdən arıqlamaq istəyənlər də pəhriz proqramlarında və detoks içkilərində istifadə edirlər. Bəs xiyarın tərkibi və sağlamlığa faydalarını bilirsinizmi?
Xiyarın əsas tərkib hissəsi – 95%-i sudur. Bu xüsusiyyəti sayəsində xiyar sidikqovucu sayılır. Sidik vasitəsilə bədəni zəhərlərdən təmizləyir. Xiyarı davamlı yemək böyrək daşlarının yaranmasının qarşısını da alır. Xiyar suyu qanda olan xolesterinin səviyyəsini aşağı salır.
Xiyar C, E, B1, B2, PP, provitamin A kimi vitaminlər, müxtəlif mikroelementlər və minerallarla zəngindir. Tərkibində qlükoza, fruktoza, nişasta, askorbin və fol turşuları, xlorofil, kalium, kalsium, fosfor, maqnezium, dəmir, sodium, xrom, xlor, kobalt, sirkonium, manqan, nikel, mis, sink, alüminium, gümüş, titan var.
Yüksək kalium tərkibi sayəsində xiyar qan təzyiqini sabit saxlayır. Yod tiroid vəzinin fəaliyyətini təmin edir və anti-sklerotik təsir göstərir. Mis mərkəzi sinir sisteminin normal işləməsi və orqanın motor funksiyalarının tənzimlənməsi üçün tələb olunur. Sink insulinin istehsal prosesində iştirak edir. Bu da xiyarı şəkərli diabet xəstələrinin qidalanmasında əhəmiyyətli qidaya çevirir. Xiyarın tərkibindəki dəmir qarağat və çiyələkdən daha çoxdur. Kalium, slikon və kükürd sayəsində isə bu tərəvəz sağlam dəri, saç və dişlərin qorunması üçün əla vasitədir.
Xiyar yeməklə sağlamlığınızı hərtərəfli qoruya bilərsiniz. Məsələn, təzyiqi azaltmaq, həzmi tənzimləmək, ürəyin fəaliyyətini dəstəkləmək, soyuqdan qorunmaq. Xiyar şirəsi hərarət salıcı təsirə malikdir, uzun müddət davam edən öskürək əleyhinə təsirli vasitədir, sinir sistemini sakitləşdirir, iltihab əleyhinə və ağrıkəsici təsir göstərir.
Xiyar bağırsaqları tənzimləyən əla lif qaynağı olmaqla yanaşı, artıq çəki ilə mübarizədə də unikal tərəvəzdir. 100 q xiyar kütləsində 15 kkal var.
Xiyarın bir dilimini götürüb ağzınızda 30 saniyə saxlayın. Tərkibindəki maddələr ağıza pis iy verən bakteriyaları məhv edir.
Bundan əlavə, xiyar dəri üçün də əvəzolunmaz təbii vasitədir. Gözünüz şişibsə, gözünüzün üstünə xiyar dilimi qoyun. Kiçik qırışları açır, orqanizmi akneləri aradan qaldıran və kollagen istehsalını stimullaşdıran B vitaminilə təmin edir. Təsadüfi deyil ki, müxtəlif kosmetik maskaların və losyonların tərkibinə məhz xiyar qatılır.