Prezident gülçülük istixanası ilə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.
Rakus.az xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.