MM-da büdcə müzakirələri başladı
Bu gündən Milli Məclisdə 2020-ci il üzrə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılıb.
Rakus.az xəbər verir ki, büdcə zərfinə daxil olan sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya və İctimai birliklər və dini qurumlar komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
İclasda Milli Məclisin komitə sədrləri və deputatları ilə yanaşı, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.
Büdcə müzakirələrinin Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Elm və təhsil, Mədəniyyət, Ailə, qadın və uşaq məsələləri komitələrinin noyabrın 6-da, İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin isə noyabrın 7-də keçiriləcək birgə iclasında davam etdirilməsi nəzərdə tutulur.
Büdcə zərfinə “2020-ci il dövlət büdcəsi haqqında”, ” 2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat nəzərdə tutulur. Gələn ilin icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır.