Prezident və xanımı Sammitdə iştirak edirlər
Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.
Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər.
Əvvəlcə birgə foto çəkdirildi.
Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söylədi.
Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncamı oxundu.
Dövlətimizin başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim etdi.
Xatırladaq ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak edirlər.
Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.