Oqtay Əsədovun Sankt-Peterburq səfəri davam edir - FOTO
Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın şura və növbəti plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdədir.
Rakus.az xəbər verir ki, Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Xanlar Fətiyev, Fəzail Ağamalı, Mirkazım Kazımov, Bəxtiyar Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Noyabrın 21-də səfər çərçivəsində Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Şurasının Sədri xanım Valentina Matviyenko ilə görüşüb. Federal Şuranın Sədri bildirib ki, Rusiya ilə Azərbaycan arasındakı əlaqələr günbəgün inkişaf edir. Dövlət başçılarımızın görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin dərinləşməsi üçün möhkəm zəmin yaradıb.
V.Matviyenko Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvada keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda iştirakını yüksək qiymətləndirərək, tədbirin önəmini xüsusi vurğulayıb. Qeyd edilib ki, belə forumlar qarşıya qoyulmuş hədəflərə çatmaq baxımından böyük önəm daşıyır.
Bakıya son səfərini xatırlayan V.Matviyenko Azərbaycanda gördüyü qonaqpərvərlikdən və səfər çərçivəsində keçirdiyi görüşlərdən, apardığı danışıqlardan məmnunluğunu ifadə edib. Bildirilib ki, parlamentlərarası əlaqələr dövlətlərarası münasibətlər sistemində mühüm yer tutur. Bu baxımdan bu sahədə əlaqələrimizin dərinləşməsi həyatın digər sahələrinə də öz müsbət təsirini göstərir.
Milli Məclisin Sədri Oqtay Əsədov V.Matviyenkonun cari ilin aprelində ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərin parlamentlərarası münasibətlərin daha da dərinləşməsi baxımından əhəmiyyətli olduğunu söyləyib. Sədr MDB PA-nın 50-ci plenar iclasında müzakirə olunacaq məsələlərin MDB məkanı üçün əhəmiyyətindən və qurumun vətəndaş cəmiyyəti institutlarının, o cümlədən demokratiyanın inkişafına verdiyi töhfədən danışıb. Ölkələrimizin nüfuzlu beynəlxalq qurumlarda iştirakını, bu platformada nümayəndə heyətlərimizin mütəmadi görüşlərini təqdir edib. Sədr Oqtay Əsədov dövlətlərimiz arasındakı yüksək siyasi dialoqun iqtisadi sahəyə də müsbət təsirini vurğulayıb. Azərbaycanın nəinki Rusiyanın Federal qurumları ilə, o cümlədən bu ölkənin regionları ilə də əlaqələri dərinləşdirməkdə maraqlı olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
X X X
Həmin gün Milli Məclisin Sədri Oqtay Əsədov MDB PA-nın tədbirlərində iştirak edən Özbəkistan Ali Məclisi Senatının Sədri xanım Tənzilə Narbayeva ilə görüşüb.
Ali Məclis Senatının Sədri MDB PA tədbirləri çərçivəsində bu görüşdən məmnun qaldığını, azərbaycanlı deputatlarla növbəti dəfə fikir mübadiləsi aparmaq imkanından razılığını ifadə edib.
Xanım T.Narbayeva Azərbaycan və Özbəkistan xalqlarının dostluğunun qədim tarixi kökləri olduğunu bildirərək, onların ümumi milli və mənəvi dəyərləri bölüşdüklərini vurğulayıb. Qeyd edilib ki, ölkələrimiz arasındakı yüksək səviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərir. Özbəkistan tərəfi Azərbaycan ilə həyatın ən müxtəlif sahələrində əlaqələri dərinləşdirmək niyyətindədir.
Milli Məclisin Sədri Oqtay Əsədov dövlət başçılarımızın görüşlərinin, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, deputatların nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri onları düşündürən məsələlərin müzakirəsi baxımından böyük önəm daşıyır.
Sədr TÜRKPA çərçivəsində əməkdaşlığımızın daha da inkişafının əhəmiyyətindən danışıb, bu qurumun türkdilli dövlətlər arasında münasibətlərin dərinləşməsinə xidmət etdiyini söyləyib. Oqtay Əsədov Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən qlobal neft, qaz və nəqliyyat dəhlizlərinin reallaşması istiqamətində görülmüş və perspektiv işlərdən danışıb. İqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün geniş imkanların olduğunu söyləyib.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
X X X
Həmin gün Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın Şura iclası keçirilib.
İclasda Plenar sessiyada müzakirəyə çıxarılacaq məsələlərə baxılıb. Toplantıda quruma üzv ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Qazaxıstanda, Belarusda, Özbəkistanda bu sahədə görülmüş işlər, II Dünya müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş tədbirlər, təşkilatın fəaliyyətinin maliyyələşdirilməsi və digər məsələlər müzakirə olunub.
Noyabrın 22-də MDB PA-nın növbəti plenar sessiyası öz işinə başlayacaq. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.