Tələbənin ölümü çox üzücüdür… – EKSPERT
“Tələbə Universitetə böyük vəsait ödəyir, təəssüflər olsun ki, əvəzində ona keyfiyyətsiz təhsil və normal yaşamaq və qidalanmaq şəraiti verilmir”.
Rakus.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Bildirib ki, ali məktəblərdə tələbələrin qidalanması məsələsinə diqqəti artırmaq lazımdır. Təlabatı böyük olan yeməklərin keyfiyyəti çox aşağı səviyyədədir. Dönərxanaların əksəriyyəti Hindistandan gətirilmiş, kiloqramı 2 manata olan, mənşəyi bilinməyən ətlə işləyir. Azərbaycanda ticarətin qaydası belədir: az pul qoyub, çox qazanmaq. Dönərin bir kiloqramının pulunu bir pay dönərdən çıxarırlar. Bu azmış kimi Universitet həyətində dönərxana açır. Xəzərə bitişik regionda yaşamağımıza baxmayaraq, yeməkxanalarda balıq xörəklərinə rast gəlinmir. Söhbət varlıların məskən saldığı restoranlardan getmir. Nəticədə cavanlar bizə yad və aşağı qiyməti 30 manata olan “suşi” kimi yeməklərdən istifadə edirlər (bunu da almağa hələ gücləri çatsa). Tələbənin nizamlı qidalanması deyilən bir şey yoxdur. Universitetlərin ətrafındakı Türk yeməkxanalarında yeməklər olduqca bahadır. Təxminən 20-25 il öncə Universitetlərin yataqxana inşa etmək imkanları çox idi. Rektorların çoxu bu imkanı əldən verdilər və milyonlar lazımsız işlərə xərcləndi. Türkiyədə və Dünyanın əksər ölkərində Universitet kampusları və yataqxanalar həm də tələbələrin təhlükəsizliyi məkanıdır. Təəssüflər olsun ki, bizim tələbələr bu cür imkanlardan məhrumdurlar. Tələbə Universitetə böyük vəsait ödəyir, təəssüflər olsun ki, əvəzində ona keyfiyyətsiz təhsil və normal yaşamaq və qidalanmaq şəraiti verilmir.
Sonda isə bildirib ki, adama təsir edən odur ki, zəhərlənmədən dünyasını dəyişən bir qız tələbənin və klinikada müalicə olunan iki qız tələbənin vəziyyətindən çox diqqəti onların yeməyi harda yemələrinə və rektorun klinikaya gəlməsinə yönəltdilər. Çox üzücüdür…