İslahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır – Əli Əhmədov
“YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın”.
Rakus.az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.
Ə. Əhmədov deyib ki, 2019-cu ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib: “Bu islahatlar gələcəkdə də davam etdiriləcək. Ölkəmizdə həyata keçirilən kadr islahatları insanların razılığı ilə qarşılanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar sistemli xarakter daşıyır. Ölkəmizdə məhkəmə və icra hakimiyyəti sahəsində islahatlar həyata keçirilir. YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar qanunverici hakimiyyət sferasından kənar qalmamalıdır”.
“Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik”, – Ə.Əhmədov əlavə edib.