Viza prosedurunun daha da sadələşdirilməsində maraqlıyıq – DTA
“2020-ci ildə qarşıda duran əsas məqsəd turizm sektorunun formalaşdırılması ilə bağlı vizaların verilməsi və sərhəd-keçid prosedurlarının optimallaşması istiqamətində çox geniş proqram üzərində iş aparılmasıdır”.
Rakus.az xəbər verir ki, bunu Azərbaycan Turizm Sammitində çıxış edən edən zaman Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib. Onun sözlərinə görə, artıq bu proqramın müvafiq dövlət orqanları ilə razılaşdırılması proseduru yekunlaşdırılır:
“Vizaların verilməsi və sərhəd-keçid prosedurlarının optimallaşması qarşıya qoyulan məqsədlərdəndir. Təbii ki, vizaların sadələşdirilməsi üçün əsas işlər görülüb. Məqsədimiz ölkəmizə daha çox turistin gəlməsinə nail olmaqdır. Dövlət Turizm Agentliyi bu məsələdə çox maraqlıdır ki, viza proseduru daha da sadələşdirilsin və turistlərin ölkəyə gəlmə imkanları daha əlçatan olsun”.
K. Qasımov onu da deyib ki, “Turizm haqqında” qanun layihəsi barədə dövlət qurumlarının əksəriyyətinin rəyi alınıb. Onun sözlərinə görə, layihə Milli Məclisin yaz və ya payız sessiyasında müzakirəyə çıxarılacaq:
“Qanun layihəsində nəzərdə tutulan məsələlər sənayenin işinə mane törətmədən onların fəaliyyətinin daha da stimullaşdırılmasına kömək etməkdir. Qanunun ana xətti budur və bu istiqamətdə iş aparılır”.