Yeni subsidiya mexanizminə keçidlə bağlı tədbirlər Salyandan başladı - FOTO
Rakus.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bununla bağlı ilk görüşlər Masallı, Cəlilabad və Salyan rayonlarında keçirilib.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi mərhələsinin başlamasına həsr olunmuş görüşlərdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, rayon icra hakimiyyətlərinin başçıları, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edirlər.
Salyan Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparılır və əsaslı infrastruktur layihələri həyata keçirilir. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini deyən icra başçısı qeyd edib ki, nəticədə digər sahələr kimi aqrar sahə də öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub: “Ölkədə aqrar sahə qeyri-neft sektorunun ən aparıcı sahəsi elan edilib. Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir”.
Nazir müavini əlavə edib ki, bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini – fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqini özündə ehtiva edən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsini həyata keçirməyə başlayıb. EKTİS daxili və xarici sistemlər ilə inteqrasiya imkanlarını geniş əhatə edən və kənd təsərrüfatı zəncirinin qurulmasına zəmin yaradan vahid bir sistemdir, şəffaflıq və operativlik baxımından fermerlərin işini asanlaşdıran və kənd təsərrüfatı məhsullarının ilkin mərhələsindən son mərhələsinə qədər bütün biznes prosesləri əhatə edən modulların formalaşdırılmasını özündə ehtiva edir: “Bu sistemin fəaliyyətə başlaması kənd təsərrüfatı ilə bağlı bütün proseslərin məntiqi əlaqəliliyini qurmağa, analizlər aparmağa, müasir texniki həlləri tətbiq etməyə, dəqiq məlumatlara əsaslanan proqnozlar verməyə imkan verəcək. Bəyan prosesi EKTİS-in tətbiqini ən mühüm mərhələlərindən biridir. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin bəyanları əsasında veriləcək”.
Nazir müavini bildirib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək. İ.Quliyev fermerləri payızlıq əkinləri bəyan etmə prosesində aktiv olmağa və müvafiq qurumları bu prosesə hərtərəfli dəstək göstərməyə çağırıb.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, EKTİS-in tətbiqi zərurəti və bu istiqamətdə görülən işlər müzakirə edilib, yerli icra orqanları və bələdiyyə nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, bu gün Kürdəmir, Ağsu və Şamaxı rayonlarında, dekabrın 2-də isə Xaçmaz, Quba, Şabran və Siyəzən rayonlarında analoji tədbirlər keçiriləcək.
Fermerlər payızlıq əkinləri bəyan etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinə, bölgələrə ezam olunmuş səyyar qruplara, Quba, Qəbələ, Şəki, Gəncə, Sabirabad, İmişli, Masallı və Bərdə “ASAN xidmət” mərkəzlərinə müraciət edə və informasiya-məsləhət xidməti ala bilərlər.
Xatırladaq ki, Azərbaycan Prezidentinin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına və bu Fərmanla təsdiqlənmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən, 2020-ci il yanvarın 1-dən fermerlərə subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən veriləcək. EKTİS-də qeydiyyatdan keçmək və aqrar fəaliyyətə dair məlumatları sistemə daxil etmək üçün fermerlərə mütəmadi təlimlər keçirilir.