İslahatlar strategiyasına parlamentin də qoşulmasının şahidi oluruq – Əli Əhmədov
“Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik”.
Rakus.az xəbər verir ki, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin reytinqinin kifayət qədər yüksək olması ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq: “Beləliklə də, YAP Azərbaycan parlamentində çoxluğu qoruyub saxlaya biləcək. Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Bununla Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da – parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək”.