Palçıq vulkanının ərazisində turizm kompleksi yaradılacaq - VİDEO
Qobustandakı palçıq vulkanlarından birinin ərazisində böyük turizm kompleksi yaradılacaq. Layihənin reallaşdırılmasına 2020-ci ildən başlanacaq.
Rakus.az xəbər verir ki, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, kompleksdə Azərbaycana səfər edən turistlər vulkanlar ilə bağlı ətraflı informasiya əldə edə biləcəklər. Həmçinin burada turistlərin maraq və tələbinə uyğun müxtəlif xidmət sahələri yaradılacaq.
Turizm üzrə ekspert Rəhman Quliyev hesab edir ki, Qobustanda vulkan ətrafında belə bir kompleksin tikilməsi olduqca effektiv olacaq. Bu təcrübə palçıq vulkanlarının çox olduğu bir sıra ölkələrdə var. Bir sıra ölkələrdə palçıq vulkanları yerləşən, möhtəşəm və əsrarəngiz görünüşə malik ərazilərə turistləri cəlb etmək üçün turlar təşkil edilir. Üstəlik turistlərin belə yerlərə səyahət etmə ehtimalları da olduqca yüksəkdir.
Ekspert deyir ki, palçıq vulkanından yaranan palçığın tərkibi çox lazımlı mikroelementlərlə zəngindir. Buna görə də palçıq vulkanlarının olduğu ərazilərdə müalicəvi əhəmiyyətli kurortlar salınmalıdır.
Xatırladaq ki, dünyadakı 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanda yerləşir. (Xezerxeber.az)