Yubileyiniz mübarək, Şəhla xanım! – Elman Eldaroğlu
Bakı. Rakus.az
Yubileyiniz mübarək, Şəhla xanım!
Heç kim bu dünyaya əbəs yerə gəlməyib. Hər kəsin öz təyinatı, hər təyinatın öz mahiyyəti var. Və bu təyinatların arasında mahiyyətinə görə alimlər ən yüksəkdə dururlar. Necə deyərlər, alimlər Tanrının sevimli bəndələridir. Bunu öz rəsulunun dili ilə bəşəriyyətə çatdıran da, elə Tanrı olub: “Alimin qələminin mürəkkəbi şəhid qanına bərabərdir”…
…Atası Tofiq Səmədov uzun illər Azərbaycan SSR-nin Dəmir Yolları İdarəsində məsul vəzifədə çalışıb. Anası Svetlana xanım ingilis dili müəllimi işləyib. Ailədə beş bacı olublar. Beşi də alimdir…
Deyir ki,- “Mən müəllimləri iki qrupa bölərdim – sırf müəllim-repetitor və müəllim-tədqiqatçı. Yəni, sırf dərs deyən, öz bildiklərini əzbərçiliyə yönəldən müəllim. Məsələn, müəllim vaxtı ilə özü nə oxuyubsa, sırf onu tələb edir, bildiklərin tələbələrə yazdırır və dərslikdə olanları əzbərlədir. Tələbələr də ən yaxşı halda həmin kitabdakıları müəllimin bildiyi səviyyədə bilirlər, vəssalam. Buna da pis baxmıram, orta səviyyəli tələbələr üçün bəlkə də kifayətdir. Amma belə müəllim təəssüf ki, öz səviyyəsini dondurub saxlayır. Bir də var ki, müəllim- elmi tədqiqatçı. Onlar daha çox əzbərçiliyə yox, nəzəri problemlərə, qanunvericilikdəki ziddiyətlərə və boşluqlara, müqayisəli təhlilə üstünlük verirlər. Tələbənin bir fikrə gəlməsinə, nəyisə fərdi tədqiq etməsinə, diskussiyalarda aktiv olmasına çalışırlar. Mən ikinci qrupa üstünlük verirəm. Etiraf edirəm ki, görəndə tələbə nəyisə əzbərləyib, ona axıra kimi qulaq asa bilmirəm”…
Haqqında söhbət açdığım Şəhla xanım Səmədova Bakıda dünyaya gəlib. Orta təhsilini 1977-ci ildə 134 saylı məktəbdə başa vurub. 1978-1984-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsilə yiyələnib. Bir müddət Azərbaycan SSR-nin Dəmir Yolları İdarəsində hüquqşünas, baş hüquqşünas vəzifələrində çalışıb. Sonra on il ailə vəziyyəti ilə əlaqədar Azərbaycanın müxtəlif rayonlarında yaşayıb. Eyni zamanda orta təhsil müəssisəsində hüququn əsasları fənni üzrə dərs deyib. 2001- 2004-cü illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində müəllim, 2004-2019-cu illərdə Hüquq fakültəsinin “Cinayət hüququ və kriminologiya” kafedrasında baş müəllim, dosent, professor vəzifələrində calışıb. 2019-cu ilin iyun ayında universitetdə keçirilmiş seçkidə səs çoxluğu ilə “Cinayət hüququ və kriminologiya” kafedrasının müdiri vəzifəsinə seçilib, professordur.
2004-cü ildə “Azərbaycan Respublikasının cinayət hüququnda cinayətlərin təsnifatı: problemlər və təkliflər” mövzusunda dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru, 2015-ci ildə isə “Cinayətlərin kateqoriyalarının cinayət məsuliyyətinin diferensiasiyasında və sanksiyaların qurulmasında rolu və əhəmiyyəti” mövzusunda dissertasiya müdafiə edərək hüquq elmləri doktoru alimlik dərəcələrinə yiyələnib…
…Ömür-gün yoldaşı Həmid Əzizov məhkəmə sahəsində çalışır. Qızı Səbinə xanım hüquq üzrə fəlsəfə doktorudur. Oğlu Ceyhun isə hüquqşünasdır. Sara və Emin adında iki nəvəsi var…
Şən, gülərüz, mehriban xanımdır. Yumor hissi güclü olduğundan ətrafına xoş əhval-ruhiyyə bəxş edə bilir. İti zəkası, işgüzarlığı, əzmi ona həmişə uğur gətirib. Geniş dünya görüşünə malikdir. Yüksək mədəniyyəti, kübar davranışı ilə seçilir. Ruhən çox azaddır. Məqsədə doğru inamla addımlayır. Yalana, xəyanətə nifrət edir…
Deyirlər ki, qadınların yaşını söyləməzlər. Bu iddianın nə qədər mükəmməl olduğunu ifadə edə bilmərəm. Amma hər ötən ilin ömrün təntənəsi olduğunu yaxşı anlayıram. Yaş üstünə yaş gəlirsə demək varsan, yaşayırsan. Yaşamaq, var olmaq isə sevincdir, xoşbəxtlikdir. Dekabrın 11-də Şəhla xanımın yubileyi, 60 yaşı tamam olur. Onu ömrünün bu əlamətdar günündə təbrik edir, Ona möhkəm can sağlığı, firəvan həyat arzulayıram.
…Bəli, alimlər Tanrının sevimli bəndələridir. Onlara diqqət, ehtiram göstərmək insanlıq borcumuzdur…
Elman Eldaroğlu,
tekdam@mail.ru