Qurban Qurbanov turniri yaxşı nəticə ilə başa vurmaq istəyir
“Qrupda sonuncu oyunumuzdur. Hiss olunur ki, maraq azdır. Hər halda, oyuna ciddi hazırlaşacağıq. Normal oyunla, yaxşı nəticə ilə turniri başa vurmaq istəyirik. Bu oyundan əvvəl futbolçulara sərbəstlik vermişik. Oyuna hazırlıq prosesində də, məşqlərdə də”.
Rakus.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin 6-ci turunda Bakıda Lüksemburq “Düdelanj”ı ilə qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Qırx yeddi yaşlı mütəxəssis bildirib: “Düdelanj” tanıdığımız rəqibdir. Bizim üçün hər oyun ciddidir. Stadionun dolu olmasını istərdik. Azarkeşlərimizi də başa düşürəm. Stadionda olmasalar da, bizimlə olacaqlar”.
Q.Qurbanov hər oyuna tam heyətlə hazırlaşmaq istədiklərini bildirib: “Xayme Romero komanda ilə birlikdə məşq edir. Əsas heyətə düşmək ehtimalı azdır. Əvvəlki matçlar ilə müqayisədə oyunçuların durumu yaxşıdır. Ən azı ilin sonunda istirahət edə biləcəklər. Bizim sabahkı oyunda üstünlüyümüz ondan ibarətdir ki, öz meydanımızda çıxış edirik. Rəqib ilk oyundakı nəticəyə görə daha yaxşı hazırlaşacaq”.
Xatırladaq ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 21:55-da start götürəcək.