Putin Trampın impiçmenti məsələsinə şübhə ilə yanaşır
Rusiya lideri Vladimir Putin ABŞ Senatının Amerika Prezidenti Donald Trampın impiçmenti barədə qərarı dəstəkləyəcəyinə şübhə ilə yanaşır.
Rakus.az xəbər verir ki, Rusiya liderinin fikrincə, ABŞ-da baş verənlər daxili siyasi mübarizənin davamıdır. “Seçkiləri uduzan Demokratik partiya digər üsullarla, Donald Trampı Rusiya ilə əlbir olmaqda ittiham edərək nəticəyə nail olmaq istəyir. Sonra da məlum olur ki, heç bir əlbirlik yoxdur”, – Vladimir Putin jurnalistin Donald Trampın mümkün impiçmenti barədə sualına cavab verərkən bildirib.
Bildirək ki, dünən ABŞ İcmalar Palatasının üzvləri Prezident Donald Trampa vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olma ittihamları üzrə impiçment elan edib. İcmalar palatasında səsvermədən öncə keçirilən debatlar 6 saata yaxın davam edib. Bundan sonra 2020-ci ilin əvvəlində ABŞ Senatı Donald Trampın vəzifədən uzaqlaşdırılmasının lazım olub-olmaması barədə qərar qəbul etməlidir.
Senatorların hakim, Nümayəndələr palatasının üzvlərinin isə ittihamçı qismində çıxış edəcəyi dinləmələrin sonunda keçiriləcək səsvermədə prezidentin vəzifədən kənarlaşdırılması üçün senatorların 2/3 hissəsinin səsi kifayət edəcək. Hazırda ABŞ senatında çoxluğun respublikaçıların əlində olmasını nəzərə alsaq, çox güman ki, impiçment prosesi bu etapda bloklanacaq.