DTİHB missiyası Bakıda müxalifət nümayəndələri ilə görüşdü
Dekabrın 20-də Milli Məclisdə növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) müxalif partiyaların və təşkilatların nümayəndələri ilə görüşüb.
Rakus.az xəbər verir ki, görüşün məqsədi ATƏT DTİHB-in 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidə missiyasının göndərilməsi ilə bağlı olub.
Dörd saat davam edən görüşdə Milli Şura, ReAl, Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyalarının və NİDA Vətəndaş Hərəkatının nümayəndələri iştirak ediblər.
Görüşdə iştirak edən müxalifət partiyalarının və təşkilatların nümayəndələri missiyaya ölkədəki seçkiqabağı vəziyyət barədə məlumat verib.
Onlar Azərbaycanda sərbəst toplaşmaq, ifadə azadlığının, seçki komissiyalarının tərkibinin müstəqil olmaması, seçki komissiyaları tərəfindən namizədlərə əngəllərin yaradılması və siyasi məhbusların olması haqqında məlumat verib.
ATƏT-dən bildiriblər ki, qurum Azərbaycanda gələn ilin fevralın 9-da öz müşahidə missiyasını göndərib-göndərməməsi barədə qərarını bütün görüşlərin nəticələrini təhlil edəndən sonra açıqlayacaq.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla Azərbaycanın beşinci çağırış Milli Məclisi buraxılıb. Növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.
Müxalifət qüvvələrindən ReAL, Müsavat və daha bir neçə partiya növbədənkənar parlament seçkilərinə qatılıb. Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkiləri boykot edir. Onlar bu qərarlarına səbəb kimi qeyd ediblər ki, ölkədə azad və ədalətli seçkilər üçün minimum imkanlar belə yoxdur. (Amerikanın səsi)