“SOCAR Georgia Petroleum”un 3-cü multifunksional kompleksi açıldı
Dekabrın 23-də Gürcüstanın Tbilisi-Sebaki-Leselidze sürət magistralında, Tercola şəhərinin yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni multifunksional kompleksinin açılış mərasimi olub.
Rakus.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur naziri Maya Tsitişvili, Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava iştirak ediblər. İştirak edənlər arasında, həmçinin Gürcüstan hökumətinin digər nümayəndələri və SOCAR-ın rəsmiləri, Azərbaycanın Gürcüstandakı səfirliyinin və KİV nümayəndələri də olub.
Açılış nitqi ilə “SOCAR Georgia Petroleum” şirkətinin direktoru Levan Giorgadze çıxış edib. Təntənəli açılışdan sonra qonaqlar üçün kompleksdə ekskursiya təşkil edilib.
Yeni multifunksional kompleksə avtomobillərin yanacaq doldurulma stansiyasından başqa, oyun avtomatlarının olduğu uşaq əyləncə zonası, “Way Mart” kafe-market, “Dunkin Donuts” və “Wendy’s” iaşə obyektləri, “GPC” aptek şəbəkəsi, “Khareba” mağazası da daxildir. Həmçinin kompleksin ərazisində elektromobillərin enerji ilə doldurulması üçün cihazlar quraşdırılıb.
Bu, “SOCAR Georgia Petroleum”un sayca üçüncü multifunksional kompleksidir. İlk belə bir kompleks Urbnisi (Qori avtobanı), ikincisi isə Rustavi şəhərində yerləşir.
SOCAR fəaliyyət göstərdiyi müxtəlif ölkələrdə yanacaqdoldurma məntəqələri şəbəkəsinin əməliyyatçısı olmaqla müştərilərə keyfiyyətli xidmət göstərilməsini hədəfləyir.