Siyasi 25.12.2019 18:30

YENİLƏNDİ: Prezident idman yekunlarına həsr olunan mərasimdə iştirak etdi - FOTO

Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

Prezident İlham Əliyevin
nitqi

– Əziz idmançılar, əziz dostlar.

Biz hər ilin sonunda idman nailiyyətlərinə yekun vururuq, idmançıları, idman mütəxəssislərini, veteranları mükafatlandırırıq. Bu il də istisna deyil. İlin sonunda bir daha görüşürük, eyni zamanda, gələcək planlar haqqında danışırıq, fikirlərimizi bölüşürük və beləliklə, Azərbaycanda idmanın inkişafı dayanıqlı xarakter alır.

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər.

Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik. Biz buna görə görkəmli idmançılarımıza minnətdar olmalıyıq. Ümumiyyətlə, hesab edirəm ki, idman sahəsində görülən işlər gəncləri də həvəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərməsi bizi sevindirir. Əlbəttə ki, görkəmli idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırır. Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar.

İdman nailiyyətləri arasında şahmatçıların uğurlarını xüsusilə qeyd etmək istərdim. Çünki bu, onu göstərir ki, bizim gənclərimiz nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir. Bizim görkəmli şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandamız Dünya Şahmat Olimpiadasının qalibi olmuşdur. Bu da onu təsdiqləyir ki, şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz nəticəsini verməkdədir. Mənim bölgələrə çoxsaylı səfərlərim çərçivəsində şahmat məktəblərinin açılışı da ənənəvi olaraq proqrama salınır. Demək olar ki, mən ölkəmizdə fəaliyyət göstərən əksər şahmat məktəblərinin açılışında iştirak etmişəm. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında və 1990-cı illərin əvvəllərində bir çox şahmat məktəblərimizin təyinatı dəyişdirilmiş, o binalar özəlləşdirilmiş, orada ticarət obyektləri açılmışdır. Əlbəttə ki, bu, ovaxtkı rəhbərlik tərəfindən bizim intellektual potensialımıza vurulmuş böyük zərbə idi.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra şahmat məktəblərinin yenidən açılması prosesi başlamışdır və son illərdə bu proses geniş vüsət almışdır. Mənim göstərişimlə rayonlarda yaradılmış gözəl şahmat məktəbləri fəaliyyət göstərir və beləliklə, gənc şahmatçılar yetişir.

Əlbəttə, şahmat çox məşhur, populyar idman növüdür, o idman növüdür ki, insanların, uşaqların intellektual potensialını gücləndirir. Məhz mənəvi dəyərlərimizə bağlı və böyük intellektual potensiala malik olan gənclər bizim gələcəyimizi, müstəqil Azərbaycanın uğurlu gələcəyini təmin edəcəklər. Ona görə gənclər fiziki cəhətdən güclü olmalıdırlar. Onların intellektual potensialı yüksək səviyyədə olmalıdır. Onlar milli dəyərlərə, Vətənə bağlı olmalıdırlar. İdman vətənpərvərlik hisslərini böyük dərəcədə artırır. Hər bir idman qələbəsi, xüsusilə mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var. Məhz buna görə son illər ərzində idmana çox böyük diqqət göstərilir. Mən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti kimi 1997-ci ildə bu vəzifəyə ilk dəfə seçiləndən sonra Azərbaycanda idmanın inkişafı, idmanda kütləviliyin təmin edilməsi istiqamətində addımlar atmışam və bu addımlar bu gün özünü göstərir.

Aparıcı beynəlxalq idman qurumları Azərbaycanı idman ölkəsi kimi tanıyır. Bizim idman sahəsində ən böyük nailiyyətimiz keçən Yay Olimpiya Oyunlarında qazanılmış qələbədir. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yerə layiq görülmüşdür. Bu, tarixi qələbədir və bu, təsadüfi qələbə deyil. Çünki ondan bir il əvvəl – 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında ikinci yerə qalxmışdır. Ona görə idman sahəsində qazandığımız uğurlar təsadüfi xarakter daşımır. Konseptual şəkildə ardıcıl işlər görülür, veteran idmançılara diqqət və qayğı göstərilir, onlar dövlət tərəfindən mükafatlandırılırlar. İdman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün də bütün şərait yaradılıb. Onların təlim-məşq toplanışları, beynəlxalq yarışlarda iştirakı və idmanla məşğul olmaları üçün yaxşı şərait yaradılıb. Hazırda bizim ancaq bölgələrdə 45 Olimpiya İdman Mərkəzimiz var. Bu il bir mərkəz Beyləqan şəhərində mənim iştirakımla açılıbdır. İki Olimpiya İdman Mərkəzi açılışa hazırdır – Yardımlı və Tərtər rayonlarında. İki Olimpiya Mərkəzinin tikintisi davam etdirilir – Goranboy və Neftçala şəhərlərində. Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirmə işləri başa çatıb və əminəm ki, yaxın zamanlarda onun inşası başlanacaq. Beləliklə, biz demək olar ki, hər bir rayonda müasir idman kompleksi istifadəyə verərək idmançılar üçün şərait yaratdıq. Bu, həm gənc idmançıların idman bölmələrində hazırlıq keçmələri, həm də şəhər və rayon sakinləri üçün gözəl imkandır.

Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir. Mən ümid edirəm ki, biz buna nail olacağıq. Çünki başqa sahələrdə mənim tövsiyələrim artıq həyatda öz əksini tapır. Bəlkə də indi siz yaxşı xatırlayırsınız ki, rayon mərkəzlərində və kəndlərdə yeni xəstəxanaların, tibb ocaqlarının açılışı zamanı mən dəfələrlə eyni məsələyə qayıdıb tövsiyə edirdim ki, hər bir vətəndaş ildə bir dəfə tibbi müayinədən keçsin və bilsin, onun sağlamlığı, səhhəti nə yerdədir. Əgər hər hansı bir xəstəliyin ilkin təzahürləri varsa dərhal müalicə alsın və sağalsın. Bütün şəhərlərdə, rayonlarda müasir, özü də ən yüksək dünya standartlarına cavab verən tibb mərkəzlərimiz yaradılandan sonra artıq bu prosesə daha çox meyil göstərilir. Ondan sonra biz bunu mütəşəkkil qaydada icra etməyə başladıq. Artıq bir neçə ildir ki, böyük maarifləndirmə və təbliğat işləri apararaq vətəndaşların pulsuz müayinədən keçmələri üçün imkanlar yaratdıq. Bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçibdir. Orada müayinədən keçən vətəndaşların əgər hər hansı bir xəstəliyi olarsa, dərhal müalicə edilir. Əgər rayon şəraitində buna imkan yoxdursa, Bakıya göndərilir və beləliklə, insanlar öz səhhətini qoruyurlar. Biz buna nail olmuşuq və deyə bilərəm ki, Azərbaycan bəlkə də dünyada dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir. Əminəm ki, mənim hər bir insanın fiziki imkanlarına uyğun olaraq idmanla məşğul olması barədə tövsiyəm də həyatda öz əksini tapacaq. Onda hər bir insan görəcək ki, bunun nə qədər böyük faydası var.

Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmli idmançılarımıza da tövsiyə edirəm ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri, klublar idmanın kütləviliyini təmin etsinlər. Bilirsiniz ki, çoxdandır mənim təşəbbüsümlə biz ictimai istirahət zonaları yaradırıq. Artıq parklar, bağlar şəhəri olan Bakı bu baxımdan dünyada qabaqcıl yerlərdədir. Baxın, son vaxtlar Bakı şəhərində nə qədər ictimai istirahət zonaları yaradılıb. Sovet vaxtından qalan bütün ənənəvi parklar ən yüksək səviyyədə yenidən quruldu. Vaxtilə dağılmış, guya fəaliyyət göstərən, əslində, ekologiyamıza ziyan vuran sənaye müəssisələrinin yerində bir çox yeni parklar salındı. Sonra mənim göstərişimlə bu ictimai parklarda açıq havada idman qurğuları quraşdırılmağa başlanmışdır. İndi “Abad həyət” proqramı icra edilir. Artıq Bakı şəhərində onlarla həyət abadlaşdırılıb. Orada idman meydançaları, o cümlədən trenajorlar quraşdırılıb. İndi hər bir insanın açıq havada idmanla məşğul olması üçün imkanlar var. Uşaqlar, böyüklər orada futbol, başqa oyunlar oynayırlar, trenajorlarda məşq edirlər. Bu, kütləvi xarakter almalıdır. O halda millətimiz sağlam olacaq.

Ona görə görkəmli idmançılara müraciət edərək onları bu işə dəvət edirəm. Bizim mətbuat orqanları gərək bu sahədəki fəaliyyətini gücləndirsinlər. Düzdür, bizim bəzi televiziya kanallarında aerobika, başqa fiziki fəallıqla bağlı verilişlər var. Bu verilişlərdə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi xarakter almalıdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, – halbuki bu da vacibdir, – ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürlər. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasiləsiz məşğul oluram. Bəlkə Azərbaycanda məndən çox işləyən adam yoxdur, ancaq buna baxmayaraq, vaxt tapıb idmanla müntəzəm məşğul oluram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyəm budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviliyi ilə bağlı geniş proqram tutulacaqdır.

İndi bizim böyük şəhərlərdə idman komplekslərimiz var, ancaq kənd yerində bu, yoxdur. Düzdür, bəzi kəndlər şəhərlərə yaxın yerləşir və orada yaşayan uşaqlar, yeniyetmələr idman komplekslərinə gedə bilirlər. Ancaq bəzi ucqar kəndlər var. Ona görə kənd idmanının inkişafı üçün xüsusi proqram tərtib edilməlidir, buna diqqət verilməlidir. Ucqar kəndlərdə yaşayan uşaqlar bəzi hallarda bilmirlər nə ilə məşğul olsunlar. Orada o bölgəyə uyğun olan formada idman qurğuları tikilməlidir, yarışlar keçirilməlidir, rayon yarışları. Nə üçün bizdə rayon yarışları keçirilmir? Hesab edirəm ki, bu, böyük boşluqdur, böyük qüsurdur. Rayon idman yarışları keçirilsin. Bu, həm idmanın inkişafına xeyir verər, həm də idmanın kütləviliyini təmin edər. Ona görə idmanla məşğul olan bütün qurumlara mənim tapşırığım bundan ibarətdir.

O ki qaldı, gələcək fəaliyyətimizə, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcək. Bu baxımdan bu il əlamətdar il olmuşdur. Bir neçə dünya, Avropa çempionatı keçirilmişdir, gimnastika üzrə, digər idman növləri üzrə. O cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilmişdir. Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəlmişlər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstərmişlər, komanda hesabında 4-cü yerə layiq görülmüşlər. Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir.

Gələn il bizdə yenə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulur. Onların arasında bir nömrəli yarış futbol üzrə Avropa çempionatının dörd oyunudur, onlardan biri dörddəbir finaldır. Artıq tarixlər də bəllidir, hazırlıq işləri də aparılıb, xaricdən gələn çox böyük tamaşaçı auditoriyası olacaq. Əminəm ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir.

Ənənəvi olaraq Formula 1 yarışı keçiriləcəkdir. Futbol üzrə Avropa çempionatının oyunları ilə Formula 1 yarışı üst-üstə düşür. Ona görə təşkilati məsələlərlə məşğul olan bütün qurumların üzərinə əlavə məsuliyyət düşür. Gərək bütün bu işləri elə planlaşdıraq ki, bu iki önəmli tədbir bir-birinə maneçilik törətməsin. Ona görə indidən bütün işlər düzgün qurulmalıdır.

Formula 1 yarışına gəldikdə, deyə bilərəm ki, bu yarışın ölkəmiz üçün çox böyük faydası var. Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o, ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər, bu, bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox. Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib. Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir. Mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər. Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyyatını da, – bunun da hesablama metodologiyası var, – hər halda bu, milyardlarla manat səviyyəsindədir. Budur, turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə.

İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı – bütün bunlar turizmlə bağlıdır. İndi ən inkişaf etmiş ölkələr, hansıların ki, böyük sənaye, kənd təsərrüfatı potensialı var, onlar da hər turist uğrunda mübarizə aparırlar. İnkişaf etmiş ölkələrdə, xüsusilə mənzərəli yerləri çox olan ölkələrdə turistlərin sayı on milyonlarla ölçülür və bundan çox böyük fayda görürlər. Bəzi ölkələrin turizm sektoru aparıcı iqtisadi sektordur. Əlbəttə, bizdə elə deyil. Ancaq bu sektorun inkişafı üçün Formula 1 yarışının xüsusi əhəmiyyəti vardır.

Əlbəttə, Yay Olimpiya Oyunlarına az vaxt qalıb. Hazırlıq son mərhələdədir. Əminəm ki, Azərbaycan idmançıları Tokio Olimpiya Oyunlarında Vətənimizi ləyaqətlə təmsil edəcəklər və bizim bayrağımız qaldırılacaq, himnimiz səslənəcək.

Mən bir daha bütün idmançıları, yüksək nəticələr qazanmış idmançıları nailiyyətləri münasibətilə təbrik edirəm. Azərbaycanın bütün idman ictimaiyyətinə yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

x x x

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olundu.

Dövlətimizin başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim etdi.

Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq Heydərov və Böyükağa Ağayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq Əliyev və Emiliya Hüseynovaya Əməkdar həkim, Rəşad Cavadova isə Əməkdar jurnalist fəxri adlarının vəsiqələri təqdim olundu.

Tədbirdə Pərviz Tağıyev, Ramiz Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir Əzizov və Ramil Əhmədov Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif edildilər.

Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə – Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu Rəcəbzadə və Səməd Qurbanova yeni mənzillərin orderlərini təqdim etdi.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edərək dedi: Sizin fəaliyyətiniz və Birinci vitse-prezidentin fəaliyyəti respublikanın inkişafı ilə bağlıdır. Bundan qiymətli heç nə ola bilməz!

13:06

Dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Rakus.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı tədbirdə çıxış edib.

Sonra Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2019-cu ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.

Dövlət başçısı ölkəmizdə idmanın inkişafında xidmətlərinə görə Alavərdi Culfayevə, Yavuz Eminbəyliyə və Ramiz Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sənədləri təqdim edib.

Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Paşa Əliyev, Tərlan Həsənov, Şahlar Mustafayev, Azər Həsənov, İqdam Ələkbərov, Tofiq Heydərov və Böyükağa Ağayev Əməkdar bədən tərbiyəsi və idman xadimi, idman səhiyyəsinin inkişafındakı xidmətlərinə görə Natiq Əliyev və Emiliya Hüseynovaya Əməkdar həkim, Rəşad Cavadova isə Əməkdar jurnalist fəxri adlarının vəsiqələri təqdim olunub.

Tədbirdə Pərviz Tağıyev, Ramiz Quliyev, Nazim Səmədov, Orxan Qəribov, Yalçın Qaralı, Şahin Mahmudov, Nadir Əzizov və Ramil Əhmədov Milli Olimpiya Komitəsi Prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.

Prezident İlham Əliyev 2019-cu ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançıya və idman mütəxəssisinə – Salman Əlizadə, Bəhram Mürvətov, Qərib Əliyev, Rəşad Məmmədov, Ramiz Ramizzadə, Bəhruz Salehli, Səbinə Məmmədova, Elxan Süleymanov, Səid Quliyev, Əbülfəz Məmmədov, Rəşad Əbdürrəhmanov, Vladislav Qədirov, Anar Allahverdiyev, Xanım Balacayeva, Kərim Sərdarov, Emil Həsənov, Kamil Qafarov, Ceyhun Hüseynov, Asiman Qurbanlı, Cabbar Mustafayev, Faiq Quliyev, Şahbandlu Rəcəbzadə və Səməd Qurbanova yeni mənzillərin orderlərini təqdim edib.

Daha sonra Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar incəsənət xadimi Zərifə Salahova Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO