İlham Əliyev fitri diplomatik istedada malikdir – POLİTOLOQ
“Prezident İlham Əliyev öz seçicilərinin ümidlərini doğruldub. Hər şeydən əvvəl, Azərbaycanda siyasi və sosial-iqtisadi sabitlik qorunub saxlanıb, bu isə insanlar üçün çox qiymətlidir”.
Rakus.az xəbər verir ki, bunu Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, politoloq Sergey Markov AZƏRTAC-a bildirib.
O, Prezident İlham Əliyevin yenidən dövlət başçısı vəzifəsinə seçilməsinin birinci ilinin yekunlarını qiymətləndirərək deyib ki, siyasi qeyri-sabitliyin artdığı digər ölkələrin fonunda Azərbaycan azadlıq vadisinə bənzəyir. S.Markov vurğulayıb: “Ölkədə fasiləsiz iqtisadi inkişaf davam edib. 2018-ci ilin yekunlarına görə, ÜDM artımı təqribən 1,5 faizə bərabər olub. Bu halda kənd təsərrüfatı məhsulları istehsalı təqribən 5 faiz artıb. Qeyri-neft sektorunda təqribən 10 faiz artım olub. Bu, çox gözəl göstəricidir. İnflyasiya minimal səviyyədə (2 faiz) olduğu halda gəlirlərin ümumi artımı davam edib. Ölkə demoqrafik baxımdan inkişaf edir. O, həm iqtisadi baxımdan, həm də əhalinin sayına görə böyüyür. Başqa ölkələrdə demoqrafik göstəricinin azalması fonunda Azərbaycanda müsbət artım müşahidə olunur”.
S.Markovun fikrincə, son bir ildə xarici siyasət sahəsində çoxvektorlu siyasət davam edib. Azərbaycan praktiki olaraq bütün qonşuları ilə və dünyamiqyaslı iri subyektlərlə yaxşı münasibətlərə malikdir. Politoloq deyib: “Azərbaycanın bütün qonşuları ilə – Rusiya, Türkiyə və İranla, habelə iri geosiyasi subyektlərlə – Avropa İttifaqı, ABŞ və Çin ilə çox gözəl münasibətləri var. Avropa İttifaqı ilə “Tərəfdaşlığın prioritetləri haqqında Saziş” imzalanıb. Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış Konvensiya Azərbaycan rəhbərliyinin bu məsələyə yanaşmasını əks etdirir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu yanaşmalar Rusiyanın yanaşmalarına əsla zidd deyil və çox cəhətdən, üst-üstə düşür. Bu, Xəzərdə fəallığın inkişaf etdirilməsi üçün, Xəzər regionunun siyasi mübarizə meydanına çevrilməməsi üçün möhkəm hüquqi təməl yaradır. Paralel olaraq Rusiya və İranla birlikdə inkişaf etdirilən Şimal-Cənub nəqliyyat dəhlizi şimal-qərbi Avropanın iqtisadi cəhətdən inkişaf etmiş regionlarını və Hindistanın cənubunu əlaqələndirməlidir. Azərbaycan bu layihənin əsas iştirakçılarından biridir. Bundan əlavə, TANAP Transanadolu qaz kəməri və Cənub Qaz Dəhlizi inkişaf etdirilir”.
Politoloq vurğulayıb ki, Azərbaycan regionda genişlənməkdə olan münaqişələrdən, o cümlədən dinlərarası münaqişələrdən yan keçməyə nail olub. O deyib: “Bu, Prezident İlham Əliyevin böyük diplomatikliyə malik olmasının ifadəsidir. O, təhsili üzrə də diplomatdır. Məlum olduğu kimi, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və bu ali məktəbdə dərs deyib. Bundan əlavə, o, fitri diplomatiya nəzakətinə və diplomatiklik istedadına malikdir. Bu, Azərbaycan mədəniyyətinə xas olan plastiklik xarakteristikasından irəli gəlir. Ətraf aləmdə vəziyyətin ifrat dərəcədə gərgin olmasına baxmayaraq Azərbaycan həm bu mürəkkəb regionda öz mövcudluğunu yumşaltmağa, həm münaqişələrə qoşulmamağa, həm də danışıqlar prosesinə kömək etməyə nail olur. Məsələn, səciyyəvi haldır ki, Rusiya və ABŞ-ın hərbi rəhbərlərinin görüşləri keçirilən məkan kimi Bakı seçilir. Moskva və Vaşinqtonun bu cür görüşlərinin keçirildiyi yer kimi dəfələrlə məhz Bakının seçilməsi Bakının qonaqpərvərliyi, onun həm Rusiya ilə, həm də ABŞ ilə yaxşı münasibətlər saxlamaq bacarığı ilə izah olunur”.
Ekspertin fikrincə, Azərbaycanda böyük beynəlxalq forumların, o cümlədən Bakı Humanitar Forumunun keçirilməsi mühüm faktdır, Azərbaycan bu forumlarda əməkdaşlıq və multikulturalizm ideyalarını təbliğ edir. S.Markov vurğulayıb: “İdentikliklərin qarşı-qarşıya gəldiyi müasir dünyada bu çox vacibdir. Multikulturalizm Azərbaycanın ictimai-dövlət ideologiyasıdır. Bu fakt ölkə daxilində də təzahür edir, burada müxtəlif etnik və dini qruplar arasında vətəndaş həmrəyliyi və dialoq fəal inkişaf edir. Bu multikulturalizm ideologiyasının xarici siyasətdə də tətbiq edilməsi sayəsində Azərbaycan bir-biri ilə münaqişə vəziyyətində olan ölkələr arasında dialoqa kömək edə bilir”.
S.Markov Rusiya-Azərbaycan münasibətlərindən söhbət açaraq qeyd edib ki, iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunur. Prezident Vladimir Putin Azərbaycana səfər edib, həmin səfər zamanı dövlət başçıları Rusiya-Azərbaycan regional forumunda iştirak ediblər. Rusiyalı ictimai xadimlər, mədəniyyət xadimləri tez-tez Azərbaycana səfər edirlər. Xocalı faciəsinin ildönümü ilə əlaqədar matəm tədbirlərində Dövlət Dumasının nümayəndə heyətinin iştirakı Azərbaycan ictimaiyyətinə güclü təsir bağışlayıb. Bu, Azərbaycanda Rusiyaya dostluq münasibətlərinə böyük təkan verib. Azərbaycanda rus diasporu və Rusiyada Azərbaycan diasporu özlərini çox rahat hiss edir. Onlar üçün İki Vətən anlayışı çox münasibdir, çünki Rusiya və Azərbaycan arasında çoxillik mehriban qonşuluq münasibətləri formalaşıb və hazırda bu münasibətlər dinamik inkişaf edir.
Politoloq deyib: “Azərbaycanda turizm sürətlə inkişaf edir. Keçən il Azərbaycan üç milyona yaxın turist qəbul edib, bu turistlər ölkədə 2 milyard dollardan artıq pul xərcləyiblər. Ölkədə turizmlə bağlı vəziyyətin yaxşılaşması çox cəhətdən ərəb ölkələri və İranla viza rejiminin sadələşdirilməsi məsələsinin həlli sayəsində mümkün olub. Azərbaycan həm də İslam aləmində avropalaşmış ölkə kimi cəlbedicidir. Bu müsbət imic hesabına Azərbaycan xeyli gəlir əldə edir”.
Ekspert qeyd edib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoru qabaqlayıcı sürətlə inkişaf edir. Onun fikrincə, bu, neft sektorundan əldə edilən gəlirləri düzgün reallaşdırmağa və eyni zamanda iqtisadiyyat üçün möhkəm təməl yaratmağa kömək edir. Neft gəlirləri infrastrukturun inkişafına uğurla sərmayə qoyulur. Yaxşı yollar, aeroportlar tikilib, yeni aviareyslər açılıb. Əhaliyə elektron xidmətlərin müxtəlif növləri uğurla tətbiq edilir.