“Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının təqdimatı - FOTO
Yanvarın 16-da Atatürk Mərkəzində yazıçı, tədqiqatçı Xaqani İsmayılın “Ermənilərin müsəlmanlara, xristianlara və yəhudilərə qarşı soyqırımı” kitabının xarici dillərdə nəşrinin təqdimat mərasimi keçirilib.
Rakus.az xəbər verir ki, əsər ingilis, rus və Azərbaycan dillərində çap olunub. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Türk Tarix Qurumu tərəfindən yüksək dəyərləndirilən vəsaitin Türkiyədə çap olunması da nəzərdə tutulur.
Tədbirdə çıxış edən kitabın müəllifi Xaqani İsmayıl uzun illər Azərbaycan, Türkiyə, Gürcüstan və başqa ölkələrin arxivlərində çalışaraq erməni məsələsi, onların törətdiyi soyqırımılar, ərazi iddiaları ilə bağlı ən geniş çərçivədə araşdırmalar apardığını söyləyib. O, araşdırmaları nəticəsində ermənilərin təkcə türklərə, müsəlmanlara qarşı deyil, həmçinin xristianlara və yəhudilərə qarşı da soyqırımılar törətdiyini tarixi faktlarla üzə çıxartdığını diqqətə çatdırıb: “Ermənilər 1918-ci ildə gürcü xalqına qarşı da soyqırımı törədiblər. Gürcüstanın istintaq idarələrinin arxivləri bütün dəlillərlə bu hadisənin məhz ermənilər tərəfindən törədildiyini sübut edir. Bu arxivlərdə həlak olanların siyahısı, şahid ifadələri, fotolar yer alıb”.
Qeyd edib ki, ermənilər ötən əsrin əvvəllərində siyasi terror aktlarına başlayıblar. Almanların Qafqazdan sürgün olunaraq yerinə ermənilərin köçürülməsi üçün ardıcıl siyasət aparıb və buna nail olublar.
Vurğulanıb ki, ermənilər 1918-ci ildə Quba hadisələrində azərbaycanlılarla yanaşı, yəhudilərə qarşı da soyqırımı törədiblər. Belə soyqırımılar Türkiyədə də baş verib, çoxlu sayda yəhudi öldürülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun aparıcı elmi işçisi Kamran İsmayılov bildirib ki, kitab Birinci Dünya müharibəsi fonunda Qafqaz, Anadolu və Orta Asiya bölgələrində yaşayan türklərin, müsəlmanların, habelə xristianların və yəhudilərin soyqırımını sənədli qaynaqlar əsasında işıqlandıran əsərdir. Kitabda Mart soyqırımı ilə bağlı beynəlxalq sənədlər də yer alıb. Qeyd edib ki, kitabda əks olunan bütün hadisələr tarixi faktlara əsaslanır: “İstərdim ki, bu kitabı hər kəs oxusun, çünki bu vəsait tək Azərbaycanın tarixi taleyi ilə bağlı deyil, eyni zamanda türk, gürcü, yəhudi və yunanlılara qarşı törədilən cinayətləri özündə ehtiva edir”.
Qərbi Azərbaycana Qayıdış İctimai Birliyinin sədri Rizvan Talıbov deyib ki, kitabın Azərbaycan hökuməti və onun xaricdəki nümayəndəlikləri tərəfindən yayımlanması, Rusiya və MDB ölkələrində təqdimatının keçirilməsi olduqca vacibdir.