“Regionda vəziyyəti çətinləşdirmək istəyən qüvvələr var” – general
“Bizim Azərbaycanla uzun sərhədlərimiz, o cümlədən çoxsaylı keçid məntəqələrimiz var. Gündəlik olaraq 7-8 min nəfər sərhəd-keçid məntəqəsindən istifadə edir. Bu, iki ölkə arasında münasibətlərin inkişafına dair bir göstəricidir”.
Rakus.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı, general-mayor Qasım Rzayi Astarada jurnalistlərə verdiyi müsahibəsində bildirib.
Q.Rzayi deyib: “Hər iki dövlət də səy göstərir ki, ölkələrimiz arasında istər dəmiryolu, istər avtomobil yolu sahəsində məsələləri inkişaf etdirsinlər. Biz sərhədçilər bu layihələrin əvvəlində dayanırıq və onların inkişafına töhfə vermiş oluruq. Layihələrin icrası iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına təkan göstərən amildir. Bu gün keçirilən görüşdə qərara aldıq ki, mövcud münasibətlərimizi daha da inkişaf etdirək. Münasibətlərimizi aşağı səviyyədəki sərhədçilərə də çatdıraq ki, onlar öz aralarında münasibətləri bizim səviyyəmizdə qursunlar”.
O vurğulayıb ki, gələcək planlarda Elçin Quliyevin Tehrana səfəri, bizim Bakıya səfərimiz və ondan sonra da İran, Azərbaycan sərhədçilərinin və Türkiyə jandarmeriyasının iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. Bu görüşlər regionda münasibətlərin inkişafına təsir göstərən amil olmaqla regionda vəziyyəti çətinləşdirmək istəyən qüvvələrə bir mesajdir”.