Fatih Birol IEA və WEF-nin hesabatını şərh etdi
“Enerji sektorundakı istixana qazı emissiyalarının 15 faizi neft və təbii qaz hesabına formalaşır”.
Rakus.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol bu barədə IEA və Dünya İqtisadi Forumunun (WEF) birgə hazırladığı “Enerji transformasiyasında neft və qaz sənayesi” adlı hesabatı şərh edərkən deyib.
O bildirib ki, bütün şirkətlər enerji transformasiyasından təsirlənəcək və bu sənayedəki maraqlı tərəflər həmin transformasiyaya necə ayaqlaşacaqlarını düşünməlidir. Bu sektorda əsas hədəf istixana qazı emissiyasının azaldılmasıdır: “Hazırda enerji sektorunda istixana qazı emissiyasının 15 faizi neft və qazın istehsalından müştəriyə çatdırılana qədərki prosesdə baş verir. Bu tullantıların əksəriyyəti tez və asanlıqla azaldıla bilər. Bundan əlavə, neft və qaz şirkətləri öz təcrübələri və maliyyə imkanları ilə daha çox bərpaolunan enerji mənbələrinin tətbiqini təmin etməlidir. Karbontutma, batareya və hidrogen texnologiyaları da inkişaf etdirilməlidir. Bu texnologiyalar neft-qaz sənayesinin töhfəsi olmadan istənilən miqyasda arta bilməz”.