Deputatları AŞPA-nın qış sessiyasında iştirak edəcəklər
Yanvarın 27-dən 31-dək Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası keçiriləcək.
Rakus.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildir.
Sessiyada Büronun və Daimi Komitənin görülmüş işlərə dair hesabatı dinləniləcək, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Polşada demokratik institutların fəaliyyəti, Avropada jurnalistlərin təhlükəsizliyi, media azadlığı və digər mövzularda müzakirələr aparılacaq.
Azərbaycan deputatları müzakirələrdə çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
Sessiya çərçivəsində yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.