Dəmir Yolları arasında yeni razılaşma imzalandı - FOTO
“Azərbaycan Dəmir Yolları” QSC və Türkiyə Dövlət Dəmir Yolları (TCDD) arasında yük vaqonlarının mübadilə əsasında qarşılıqlı istifadəsi barədə razılığa gəlinib.
Rakus.az bu barədə “Azərbaycan Dəmir Yolları”na istinadən xəbər verir.
Məlumata görə, bununla əlaqədar hər iki ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə razılaşma sənədi imzalanıb. Razılaşmada beynəlxalq daşınma qaydaları və sənədləri, vaqonların yükləmə qaydaları, istifadə haqları və istifadədən yaranan kompensasiya ilə bağlı öhdəliklər qeyd olunub. Sənədə əsasən vaqonda aparılan mallar üçün təlimat və kompensasiyalar, vaqon və konteynerlərdə daşınan yüklərin tam və ya qismən itməsi, xarab olması və zədələnməsindən irəli gələn iradlara baxılması, eləcə də zərərin ödənilməsi qaydaları tənzimlənir.
Qeyd edək ki, tərəflər arasında ehtiyat hissələrin tədarükü, vaqonların zədələnməsi və müvafiq təlimatlar, zədələnmiş və itirilmiş vaqonlara görə tənzimlənən kompensasiyaya dair məsələlər barədə də razılıq əldə olunub.