Politoloq sözü: “Azərbaycanın regionda çəkisi artır”
“Hazırda dünyada və regionda hadisələr dinamik inkişaf edir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri mühüm əhəmiyyət kəsb edir”.
Rakus.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, son illərdə reallaşdırılan TANAP və “Türk axını” layihələri eyni vaxta təsadüf edir. Diqqət yetirin, Azərbaycan regionda həyata keçirilən çoxtərəfli formatlarda təşəbbüskar və iştirakçı kimi çıxış edir. Məsələn, Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, İran-Azərbaycan-Türkiyə, İran-Azərbaycan-Gürcüstan-Türkiyə formatları və sair. Bu, qarşılıqlı iqtisadi əməkdaşlığın, siyasi maraqların üzərində qurulub və regionda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir.
“Enerji layihələrinin həyata keçirilməsi geosiyasi hadisələrin və proseslərin sürətlənməsinə bilavasitə öz təsirini göstərir. Bizim regionda xeyli formatda danışıqlar aparılır, layihələr həyata keçirilir. Bu format və layihələrdə Azərbaycan xüsusi fəallığı ilə seçilir”, – deyən İ.Vəlizadə qeyd edib ki, regionda enerji xəritəsini bir neçə ölkə müəyyənləşdirir. Bu ölkələrdən biri də Azərbaycandır. Təbii ki, bütün bunlar siyasətə də öz təsirini göstərir və vacib geosiyasi amilə çevrilir. Ümumiyyətlə, Azərbaycan regionda aparıcı ölkə kimi tanınır. Burada iqtisadi inkişaf və təhlükəsizlik böyük önəm daşıyır. Bütün bu amillər Azərbaycanın regionda dayanıqlılığını və çəkisini artırır.
Onun sözlərinə görə, yaşadığımız mürəkkəb regionda bəzi destruktiv qüvvələr var ki, onlar layihələrin reallaşmasını istəmir və hər vasitə ilə mane olmağa çalışırlar. Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr regiondakı destruktivliyi azaltmağa imkan verir. Bu layihələr, eyni zamanda, əməkdaşlıq platformasına çevrilir.
Politoloq bildirib ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda da dediyi kimi, Azərbaycan digər ölkələrlə münasibətində əməkdaşlığa hər zaman açıqdır. Ölkəmiz rəqib sayılan enerji layihələrinin həyata keçirilməsində çalışır ki, münasibətləri elə tənzimləsin ki, rəqabət əməkdaşlığa çevrilsin.
“Dövlətimizin başçısının Davosda qaz infrastrukturu ilə bağlı səsləndirdiyi təklif böyük maraq doğurdu. Digər ölkələrə də qaz infrastrukturundan istifadə imkanının verilməsi onu göstərir ki, Azərbaycan bütün tərəfdaşları ilə bütün sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlıq etmək niyyətindədir. Təbii ki, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regionda geosiyasi gərginliyin azalmasına da zəmin yaratmış olur”, – İ.Vəlizadə vurğulayıb.
Ermənistanın destruktiv siyasət apardığını və bunun regionda sabitliyin təmin olunmasına maneə yaratdığını bildirən politoloq qeyd edib ki, təcavüzkar ölkə 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayır. Bu, regionda həm iqtisadi, həm də siyasi risklər yaradır. Bununla belə, işğalçı ölkəyə beynəlxalq normalar çərçivəsində təzyiqlər göstərilmir.
“Ermənistanın təcavüzkar və işğalçı siyasət yürütməsinə baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir və regionda təhlükəsizliyin, dayanıqlılığın təmin olunmasına çalışır”, – politoloq əlavə edib.