OPEC-in toplantısı vaxtından əvvəl keçiriləcək
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) martda keçirilməsi nəzərdə tutulan toplantısı daha erkən vaxtda təşkil edilə bilər.
Rakus.az xəbər verir ki, neftin qiymətinin koronavirusun bazarda tələbata zərbə vuracağına dair narahatlıq fonunda ucuzlaşmasından sonra OPEC üzvləri gələn ay təcili iclas keçirməyi düşünür.
Əlcəzairin Energetika naziri Mohamed Arkab deyib: “Ehtimal ki, OPEC martda keçirəcəyi iclası daha tez – fevralda təşkil edəcək. Bununla bağlı yaxın günlərdə qərar verilə bilər”.
Əlcəzair OPEC-ə sədrlik edir, bu, ona baş katib və digər üzvlərlə məsləhətləşdikdən sonra təcili iclas keçirmək hüququ verir.
OPEC-in baş katibi Məhəmməd Barkindo daha əvvəl martda Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının iclasının keçiriləcəyini deyib. O, beynəlxalq ticarətdəki bəzi mübahisələrin həll olunacağını gözlədiklərini, eləcə də cari ilin birinci və ikinci rübündə sabitliyə diqqəti yönəltməkdə davam edəcəklərini bildirib.
Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. 2020-ci ilin yanvar ayından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.