Koronavirus bağlama və məktubla insana keçmir – DST
Dünya Səhiyyə Təşkilatı (DST) bəyan edib ki, Çindən bağlama və məktub alan şəxslər sətəlcəm əmələ gətirən 2019-nCoV koronavirusuna yoluxma riski ilə qarşılaşmayacaqlar.
Rakus.az xəbər verir ki, bu barədə DST-nin “Twitter” səhifəsində bildirilib.
Çindən bağlama alan şəxslər 2019-nCoV virusuna yoluxma riskinə məruz qalmayacaqlar. Son təhlillərə görə, koronaviruslar məktub və ya bağlama kimi əşyaların üzərində uzun müddət qalmır.
Xatırladaq ki, 2019-cu il dekabrın sonunda Çinin iri şəhərlərindən olan Uxanda 2019-nCoV virusunun baş qaldırması müəyyən edilib. ÇXR ilə yanaşı, yoluxucu xəstəlik dünyanın daha 23 ölkəsinin bu yaxınlarda Çində səfərdə olan vətəndaşları arasında aşkarlanıb. Dünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə bağlı beynəlxalq miqyaslı fövqəladə vəziyyət elan edib. Son məlumatlara görə, Çində bu xəstəliyə yoluxanların sayı 17 min nəfəri keçib, ölənlərin sayı 361-ə çatıb.