Koronavirusa görə Formula E-nin Çin mərhələsi ləğv olundu
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-nCoV koronavirusu epidemiyası ilə bağlı Formula E çempionatının martın 21-nə nəzərdə tutulan Çin mərhələsinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.
Rakus.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, koronovirusun davamlı yayılması nəzərə alınaraq FIA Çin tərəfdaşları ilə qərara gəliblər ki, Haynan əyalətinin Sanya şəhərində keçiriləcək Formula E yarışları ləğv edilsin.
Formula E Ümumdünya Səhiyyə Təşkilatının Çindən yayılmağa başlayan yeni koronavirusun “səhiyyədə qlobal fövqəladə hal” elan etməsinə və getdikcə artan narahatlığa görə, öz işçilərinin, çempionat iştirakçılarının və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün tədbirləri görməyi vacib saydığını qeyd edib. Məlumatda bildirilir ki, Haynandakı regional tərəfdaşlar və yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq davam edəcək. Vəziyyət yaxşılaşarsa, yarışın mümkün alternativ tarixə köçürülməsi ilə bağlı məsələ öyrəniləcək.