MSK Fərəc Quliyevə xəbərdarlıq etdi
Mərkəzi Seçki Komissiyası (MSK) deputatlığa namizəd Fərəc Quliyevə xəbərdarlıq edib.
Rakus.az xəbər verir ki, bununla barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.
O bildirib ki, şikayət qanunvericiliyə uyğun olaraq MSK nəzdində fəaliyyət göstərən Ekspert Qrupu tərəfindən baxılıb və araşdırılıb.
MSK üzvünün sözlərinə görə, M.Hüseynov şikayətində qeyd edib ki, F.Quliyev ona 15 min manat pul təklif edib: “Mehman Hüseynov müraciətində qeyd edib ki, F.Quliyevin namizədliyi ləğv edilsin”.
Araşdırma prosesində tərəflərlə əlaqə saxlanılıb və iclasda iştiraka dəvət olunub.
F.Quliyevin izahatı alınıb. O, izahatında qeyd edib ki, M.Hüseynovla aralarında görüş 45 dəqiqə çəkib: “Fərəc Quliyev bildirib ki, Mehman Hüseynova pul təklif etməyib və səs yazısı montaj edilib”.
M.Hüseynov isə MSK-nın iclası zamanı çıxışında deyib ki, Fərəc Quliyev ona bələdiyyə seçkilərində qalib gəldiyini deyib: “Bununla bağlı tam səs yazısı da var və paylaşacağıq. Bundan əlavə, Fərəc Quliyev müxalifət partiyalarının sədrlərini də təhqir edib. Hətta Milli Məclisdə 80-ə yaxın deputatın faydasız olduğunu bildirib”.
Qeydə alınmış namizəd Quliyev Fərəc İbrahim oğluna xəbərdarlıq edilməsi məsələsi müzakirəyə çıxarılıb və ona xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.