Rauf Arifoğlunun “deputatlığı” əlindən alındı
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.
Rakus.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.
MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də, seçki qanunvericiliyinin pozuntularına yol verilib:
“2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
İclasda həmin dairənin 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
Xatırladaq ki, bu dairənin lider namizədi Rauf Arifoğlu (Abbasov) idi.