Yığmanın qarşılanma mərasimi keçirildi - FOTO
İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında tarixi uğura imza atan yunan-Roma güləşi üzrə yığmamız bu gecə vətənə qayıdıb.
Rakus.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, iki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən və komanda hesabında 2-ci yeri tutan millimizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbər şəxsləri, məşqçilər, güləşçilər, yığma üzvlərinin yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb.
AGF-nin yunan-Roma güləşi üzrə vitse-prezidenti Elçin Cəfərov komandanın çıxışını belə şərh edib:
“Güləşçilərimizin çıxışından çox razıyam. Xüsusən də gənc Sənan Süleymanovla tanınmış güləşçimiz Rafiq Hüseynovu qeyd etmək istərdim. Bütün idman ictimaiyyətinə belə diqqətə görə federasiyamız adından minnətdarlığımı bildirirəm. Ölkə prezidenti İlham Əliyevə və 1-ci vitse-prezident Mehriban Əliyevaya təbriklərinə görə təşəkkür edirəm. Bu, hamımızı çox sevindirdi. Hesab edirəm ki, bu, idmançılarımızın qələbəsinə verilən ən yüksək qiymətdir. Güləşçiləri qarşıladığınıza və verdiyiniz dəstəyə görə hamınıza federasiyamızın rəhbəri Namiq Əliyev adından minnətdarlığımı bildirirəm.
Bundan sonra yığmamızı iki lisenziya turniri gözləyir. Bu yarışlara hazırlığımızı davam etdirəcəyik. Təbii ki, medalsız qalan güləşçilər səhvlərindən nəticə çıxaracaqlar. Çalışacağıq ki, Tokio Olimpiadasına nəzərdə tutulan lisenziyaları əldə edək”.
Millimizin baş məşqçisi Aleksandr Tarakanov bunları deyib:
“Komandanın çıxışından çox razı qaldım. Fikrimcə, Avropa çempionatında 2 qızıl, 4 bürünc medal qazanmaq çox yaxşı nəticədir. Nəzərə alaq ki, bizim üçün əsas lisenziya turnirləri sayılır. Çünki Olimpiadaya bacardığımız qədər çox vəsiqə əldə etməliyik. Bunun üçün əlimizdən gələni edəcəyik. Fürsətdən istifadə edib AGF-nin rəhbəri Namiq Əliyevə dərin minnətdarlığımı bildirirəm. Çünki o komandanın bütün ehtiyaclarının qarşılanması və yüksək səviyyədə təlim-məşq toplanışlarının təşkili üçün əlindən gələni əsirgəmir. Biz də çalışacağıq ki, bizə yaradılan bu şərait fonunda etimadı tam doğruldaq”.
Daha sonra Avropa çempionları mikrafonlar qarşısına çıxıb. Əvvəlcə ilk dəfə iştirak etdiyi 77 kq-da uğurlu çıxışla diqqətləri üzərinə çəkən Sənan Süleymanov təəssüratlarını bölüşüb:
“İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir. Gözləmədiyim halda çempion oldum. İlk görüşdə Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni idi. Onu da məğlub etməyi bacardım. Əlbəttə, cənab prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam”.
Doqquz illik həsrətə son qoyaraq ikinci dəfə Avropa çempionu olan Rafiq Hüseynovun fikirləri isə belə olub:
“Təbriklərə görə təşəkkür edirəm. Həm ikinci dəfə Avropa çempionu olduğum üçün, həm də komanda yoldaşlarımın uğuruna görə çox sevinirəm. Artıq millimizdə güclü gənc güləşçilər var. Hər idmançı yarışa çempion olmaq üçün gedir. Böyüklərdə ilk nəticəm olduğu üçün birinci çempionluq daha şirin idi. Amma eyni nəticəni 9 ildən sonra təkrarlamağın da dəyəri başqadır. Hər titulun öz yeri var. Bundan sonra lisenziya xarakterli yarışlara hazırlaşacağıq. Məşqçilərin qoyduğu plan üzrə hərəkət edəcəyik. Ondan sonra da hədəfimiz Olimpiadadır”.
Xatırladaq ki, Avropa çempionatında Sənan Süleymanovla (77 kq) Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıb. Millimiz 116 xalla komanda hesabında 2-ci yeri tutub.