Koronovirus fonunda demokratiya dərsi – TƏHLİL
Fevralın 9-da, Çində tüğyan edən və dünyanın başqa ərazilərinə də yol açmağa başlayan koronovirus pandemiyası fonunda Azərbaycanda parlament seçkiləri keçirildi.
Seçkilərin gedişi və açıqlanan nəticələr cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Sosial şəbəkələrdə seçki prosesi zamanı qeydə alınan problemlər hətta MSK tərəfindən də izlənilir.
Namizədlər qalib elan olunmuş rəqiblərin qələbəsini şübhə altına alır, özlərinin qalib olduqlarını təsdiq edən faktları ortaya çıxarmağa çalışırlar.
MSK ən çox şikayət olan bəzi məntəqələrdəki nəticələri ləğv edir, bəzilərini isə yenidən baxılması üçün DSK-lara göndərir.
ATƏT və Dövlət Departamentinin Azərbaycandakı seçkilərlə bağlı bəyanatları yayıldı.
Multikulturalizmin, dini tolerantlığın, sabitliyin mövcud olduğu, beynəlxalq idman yarışlarının keçirildiyi Azərbaycandakı seçkilər niyə bu qurumlar tərəfindən birmənalı qarşılanmır?
Azərbaycandan bir gün öncə, fevralın 8-də Hindistanda da seçkilər keçirildi. Kastalara bölünmüş, müsəlmanlara qarşı dözümsüz münasibət göstərildiyi, ictimai nəqliyyatda qadınların təhqir olunduğu, milyonların küçədə doğulduğu, oradaca sevib-sevildiyi, yaşayıb-törədiyi, xəstələnib-öldüyü Hindistanda.
Bəs bütün bu neqativ halların mövcud olduğu bir ölkə nəyə görə Qərb tərəfindən ən böyük demokratiya hesab olunur?
Britaniya şairi və novella yazarı Kiran Millvud Harqreyv Hindistanı belə təsvir edir: “Hindistan rənglərin ikiqat parlaq olduğu yerdir. Gözləri yandıracaq qədər çəhrayı, dərinliklərində boğulacaq qədər mavi”.
Doğrudan da Hindistan rənglərin kəskin kontrastı ölkəsidir. Ölkədə hər il Rənglər Festivalı da keçirilir. Əhalinin yaşayış səviyyəsindəki kontrast rənglərin kontrastından da böyükdür. Hindistan milyarderlərin sayına görə dünyanın 3-cü ölkəsidir. Ölkədə 131 milyarder var. Amma nəzərə alınmalıdır ki, əhali sayının 1.25-1.40 milyard(Hindistanda küçədə doğulanların sayını rəsmi statistikada əks etdirmək çox çətindir) olduğu söylənilir.
Bu isə dünya əhalisinin 17-18%-i deməkdir, əhali artımı isə 1.19%-dir. Ölkədə 1000 nəfərə 20-dən artıq doğuş və 6.3 ölüm düşür. Bu da Hindistan əhalisinin getdikcə artdığını göstərir.
Aclıq həddində olan yoxsulluq
Bütün dünyada yoxsulluq insanın lazımi əsas gündəlik tələblərinin ödənilməməsi anlamına gəlir. Hindistandakı yoxsulların isə yemək, sığınacaq və paltarları belə yoxdur. Hindistanda yoxsulluq təbəqəsində yaşayan adamlar gündə bir dəfə yemək üçün ödəniş qabiliyyətinə malik deyillər. Bu insanlar yol kənarında yatırlar, onların dərman və yemək almağa pulları yoxdur. İnsanlar həyatları boyu çimmirlər, çünki adi kanalizasiya xəttləri və su təchizatı olduğu ərazilərdə yaşayış ödəmək qabiliyyətində deyillər.
Yoxsulluğun səbəbləri isə korrupsiya, əhali artımı, zənginlər və kasıblar arasındakı uçurumdur. Kənd təsərrüfatının zəif idarəolunması da yoxsulluğu törədən səbəblərdəndir. Zəif idarə olunma nəticəsində kənd əhalisinin şəhərə miqrasiyası davam edir. İnsanlar arasında savadsızlıq və işsizlik dözülməz həddədir. 5 yaşdan aşağı hind uşaqlarının 43 %-nin çəkisi normadan aşağı, bir çox hallarda xeyli aşağıdır.
Hindistanda milyonlarla yoxsul əslində yoxsulluq deyil, aclıq səviyyəsində yaşayır.
Köhnə adətlər cəmiyyətin inkişafına mane olur
Yoxsulluğun daha bir səbəbi də köhnə adətlərdir. Köhnə adətlər cəmiyyətin davamlı inkişafına mane olur, insanlar vəziyyətlə barışır, cəhalət içərisində yaşamağa davam edir və yaradıcılıq təşəbbüsləri heçə enir. Köhnə adətlərin içərisində ən qəddarı isə sati ənənəsidir-dul qalmış qadının ölmüş ərindən sonra yandırılması.
Bu adətə nə qədər qadınların bakirəlik, toxunulmazlıq istəyindən gələn adət donu geydirilsə də, əslində dul qalmış qadının cəmiyyətin təsiri altında yandırılma mərasimidir. 1500-cü ildə Moğol İmperatoru Əkbər, ondan əvvəl isə Əkbərin atası Humayun ilk dəfə olaraq bu adəti ləğv etdilər, icraçılara qanunla nəzərdə tutulmuş cəza tətbiq edildi.
Sati(və ya suttee) 1987-ci ildə rəsmi olaraq qadağan edildi(Sati Aktının Ləğvi). Həmin il Racastan vilayətindəki Deorala kəndində Rup Kanvar adlı 18 yaşlı qızın əri 8 aylıq evlilikdən sonra ölür və kənd əhalisi qızı özünü qurban gətirməyə məcbur edir.
Bu fakt bütün Hindistanda hiddətə səbəb oldu və ondan sonra Sati Aktının ləğvi barədə qərar qəbul olundu. Lakin hələ də belə aktlar qeydə alınır.
Allahlarla sağıcıların məhəbbət yaşadığı Vrindavan
Hindistanda federal səviyyədə 22 rəsmi dil tanınır. Bunlardan assam, benqal, bodo, doqri, qucarati və hindi ayrıca götürülmüş ştatların əsas dilləri hesab olunurlar. Lokal səviyyədə isə ayrı-ayrı azsaylı qrupların ünsiyyət vasitəsi kimi 1600 müxtəlif dil mövcuddur. Ölkədə 8 müxtəlif dinin nümayəndələri yaşayır. Əsas din hinduizmdir.
Hindistanda əhalinin ərzaq məhsullarına olan tələbatında ciddi problemlər mövcud olsa da, hinduizmdə allahların sayında qıtlıq hiss olunmur.
Hər anlamın, hər hadisənin hifzedici ilahi qüvvəsi var. Quyruqlu allahlar, xortumlu allahlar, bir neçə başlı allahlar, inək bədənli allahlar……
Hinduizmdə Krişna ən yüksək allahdır. Krişna Vrindavan ərazisində olduğu zaman çobanlar və sağıcıların arasında yaşayır. Bu zaman o, Radha adlı sağıcı xanımı sevir. Radha Abnimanyu(Ayan kimi tanınırdı) adlı bir bir çobanın xanımı olsa da, bu fakt ona Krişnanın da sevimlisi olmağa mane olmur və Radha Krişnanı bütün səfərlərdə müşayiət edir.
Maraqlıdır ki, Krişna Vrindavanı tərk edəndə 10 yaş 7 aylıq olub. Radha isə Krişnadan 12 yaş böyük idi. Krişnanın Vrindavanda 3 il olması məlumdur.
Beləliklə, Krişna Vrindavandan Mathuraya köçərkən Radhanın 22 yaşı olub. Onların ilk tanışlıqları və qarşılıqlı hissləri isə Krişnanın 7, Radhanın isə 19 yaşı olarkən başlayıb.
Hinduizm müqavimət və mübarizlik deyil, daha çox itaətkarlıq və yumuşaqlıq təbliğ edən dindir. Daha çox bu təbliğin nəticəsidir ki, ölkə tarixin müxtəlif mərhələlərində müqavimətsiz olaraq moğollar, daha sonra isə ingilislər tərəfindən azsaylı ordu kontingenti ilə işğal olunmuşdur. İnsanların əsas peşələrə bölünmüş kastalar çərçivəsində yaşaması da təbliğ edilən itaətkarlığın təzahürüdür.
Ölkədə 3000 əsas kasta və 25000 yarıkastalar var. Kasta sistemi insanların özünüdərketməsinə siraət etməklə yanaşı həm də sosial-siyasi həyatda kök salmışdır.
İnsanlar özlərini doğulduqları kastaların xaricində təsəvvür etmirlər.
Kastalardakı sosial status nəsildən nəsilə ötürülür.
BBC və CNN xəbərlərində Hindistanda tez-tez ictimai yerlərdə kütləvi zorlama hadisələri haqqında xəbərlərə yer ayrılır. Son dövrlər ictimai nəqliyyatda zorlama hadisələrinə qarşı ümumxalq narazılıq yürüşləri dəfələrlə ölkəni bürüsə də rəqəm artmaqda davam edir. 2012-ci ildə polis tərəfindən 24500, 2017-ci ildə 33658 zorlama hadisəsi qeydə alınmışdır. Bu ölkədə mövzuya psixoloji yanaşma fərqlidir. Kasta sistemindən qalan yanaşmaya əsasən zorlama hadisəsi zamanı təcavüzə qalmış xanıma yardım deyil, prosesdən kənar qalmaq kişilər üçün ayıb hesab olunur.
2019-cu ilin sonu və 2020-ci ilin əvvəllərində Hindistan yenə dünya mətbuatının diqqət mərkəzində idi. 11 dekabr 2019-da parlamentdə Vətəndaşlıq Qanununa Əlavələr qəbul olundu(1955-ci il Vətəndaşlıq Qanunu).
Qanuna əlavələrə əsasən 2014-cü ilədək Pakistan, Banqladeş və Əfqanıstanda dini təqibə məruz qalmış və Hindistana gəlmiş hindlər, sikxlər, xristianlar, buddistlər və farsilər Hindistan vətəndaşlığı ala bilərlər.
Müsəlmanlar bu siyahıya daxil edilməyiblər. Baş nazir Modi buna belə izahat vermişdir ki, qanun diskriminasiya xarakteri daşımır və öz ölkələrində təqib olunaraq başqa bir yerə üz tuta bilməyib yeganə ölkə kimi Hindistana pənah gətirənlər üçün nəzərdə tutulur.
Hindistan hökuməti bildirir ki, Pakistan, Əfqanıstan və Banqladeş müsəlman ölkələridir və müsəlmanların orada diskriminasiyası mümkün deyil.
Bununla belə qanun Şri-Lankada müsəlman tamillərin, Myanmarda rohinqiyaların, Tibetdə müsəlman azlıqlarının təqib olunma səbəbindən Hindistana üz tutmasını və burada vətəndaşlıq almasını mümkünsüz edir. Müsəlman ölkəsi Əfqanıstanda da təqibə məruz qalan müsəlman xəzərlər (və ya xazarilər) qanunda nəzərə alınmayıblar.
Miqrasiya qanununa əlavələr qəbul edildikdən sonra 15 şəhərdə izdihamlı nümayişlər yer aldı. Belə bir aktın qəbul olunmasını 200 milyon müsəlmanlıq əhali özünə təhqir hesab etdi. Universitetlər, insan haqqları qrupları, qeyri-dövlət təşkilatları da akta qarşı cıxdılar.
BMT İnsan Haqqları Ofisi hökümətin bu addımını pislədi. Assam və digər şimal-şərqi ştatlarda qeyri-müsəlman yerli əhali də banqladeşlilərin axınının qarşısının alınmasını tələb etməyə başladılar. Polislə toqquşmalar, ölənlər və yaralananlar oldu.
Ümumiyyətlə, 2014-cü ildə Narendra Modinin sağçı Bharatiya Janata partiyası hakimiyyətə gəldikdən sonra müsəlmanlara qarşı aqressiya daha da artdı.
Modi hökuməti buğa və camışların kəsilməsinə qadağa qoyaraq müsəlmanların mal əti sənayesini çökdürmüş və əhalinin bu qismi arasında iqtisadi çətinliyi daha da artırmışdır.
Düzdür, Modi hükuməti beynəlxalq aləmə izah etməyə çalışır ki, guya buzov və ya camışın kəsilməsi zamanı havaya ifraz olunan maddə qlobal istiliyin yaranmasına yol açır və beləliklə inəkləri günahsız heyvan kimi qorumaqla Hindistan qlobal iqlim dəyişməsinin qarşısını alır.
Hər 13 hindlidən 1-i mal əti yeyir və bu yalnız müsəlmanlara aid deyil. Müsəlmanların 40, xristianların 26.5, hinduların 2%-i (yəni 13 milyonadək) gündəlik mətbəxlərində mal ətindən istifadə edirlər. Bununla belə, ölkədə mal əti tədarükünü, saxlanmasını bəhanə gətirərək müsəlmanlara qarşı tez-tez qətl hadisələri olur.
Hindistanda iqtisadi durum korlandığı zaman hökümət hindu-müsəlman münasibətlərini gərginləşdirməklə iqtisadi problemləri unutdurmağa çalışır. 2019-cu ildə Hindistan iqtisadiyyatında 5% artım oldu ki, bu da 2008-ci il qlobal maliyyə böhranı dövründən bu günə ən aşağı göstəricidir. Hökümətin iqtisadiyyatı inkişaf etdirmək və yoxsulluqla mübarizə aparmaqla bağlı kəsərli planı yoxdur. Hər ay 1.2 milyon yeni iş yeri açmaq lazımdır.
Və nəhayət, nəyə görə Hindistan ən böyük demokratiya hesab olunur?
Hətta Hindistan üçün müstəsna termin də icad edilmişdir- aşağı gəlirli demokratiya(low income democracy).
Əlbəttə ki, burada geosiyasi faktor böyük rol oynayır. Hindistan nüvə silahına malik müsəlman ölkəsi Pakistanla qonşudur, ABŞ-ın əsas iqtisadi rəqibi Çinlə sərhədi isə 3488 km təşkil edir.
Ən başlıca səbəb isə ölkədə demokratiyanın əsas ölçüsü-seçki kəsərliliyinin (electoral efficacy) qorunmasıdır. Yəni aclığa və məhrumiyyətlərə, işsizliyə və cəmiyyətdəki qeyri-bərabərliyə rəğmən insanlar seçki vasitəsilə niyyətlərini ifadə etməkdə israrlıdırlar.
Yeri gəlmişkən, fevralın 8-də Hindistanda keçirilən seçkilərdə özünü son dərəcə diskreditasiya etmiş Modinin partiyası ağır məğlubiyyət yaşadı. Hindistanlılar AAP(Aam Aadmi Party), yəni sadə insanları təmsil edən partiyaya qanunvericilik assambleyasına seçkilərdə 70 yerdən 62-ni qazandırdı. (Modern.az)
Tahir Kərimov,
Diplomat, Harvard Universitetinin məzunu,
Mərhum Prezident Heydər Əliyevin şəxsi tərcüməçisi