Dünya Kuboku Bakıda start götürdü
Bu gün Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku start götürüb.
Rakus.az xəbər verir ki, fevralın 15-16-da baş tutacaq və 30 ölkənin 150-dək gimnastının mübarizə apacağı builki Kubok Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli yarış olacaq.
Yarışların ilk günü təsnifat mərhələləri, ikinci günü isə final mərhələləri keçiriləcək. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.
Azərbaycanı Dünya Kubokunda iki gimnast – Selcan Maqsudova (batut gimnastikasında fərdi hərəkətlər) və Fərid Mustafayev (tamblinq) təmsil edəcək.
Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da Olimpiadaya təsnifat xarakterli yarış olub. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib.