Siyasi 16.02.2020 20:33

YENİLƏNDİ: Münxen TK Müzakirələrdə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri iştirak ediblər - VİDEO

VİDEO əlavə edildi.

 

08:33

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

Rakus.az xəbər verir ki, tədbirdə birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva da iştirak ediblər.

Moderator: Sessiyaya, Dağlıq Qarabağla bağlı müzakirələrə xoş gəlmisiniz. Mənim adım Selest Volenderdir. Bu paneldə moderator olmaq şərəfi mənə nəsib olub. Auditoriyaya da mənə vəzifələrimlə bağlı kömək etdiyi üçün təşəkkür edirəm. Mən hörmətli qonaqlarımızı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün hər iki tərəfin gördüyü çağırışlar və imkanlarla bağlı öz ilkin fikirlərini söyləmək üçün dəvət etmək istərdim. Daha sonra suallar və növbəti müzakirələr üçün vaxtımız olacaq. Bugünkü qonaqlarımız Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyandır. Hər iki lider Münxen Təhlükəsizlik Konfransının hər zaman diqqətdə saxladığı və irəliləməsi üçün çalışdığı bir mövzu, beynəlxalq sistemdəki mübahisələrin sülh yolu ilə həllinə dair məsələlərdən danışacaqlar. Mən sədr İşingerə bu məsələni gündəmdə və Münxen Təhlükəsizlik Konfransının diqqətində qalmasını təmin etdiyi üçün minnətdarlığımı bildirirəm. Bununla mən Prezident İlham Əliyevə müraciət edərək onu çağırışlar və imkanlarla bağlı fikirlərini bölüşməsini dəvət edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. İlk növbədə, cənab İşingerə bu tədbiri təşkil etdiyinə görə minnətdarlığımı bildirmək istərdim. Mən elə indicə cənab İşingerə dedim ki, bir neçə il əvvəl Davosda Ermənistan və Azərbaycan rəhbərliyi tərəfindən mesajlar ötürülməsi üçün imkan var idi. Cənab Paşinyanın sələfi də iştirak etməli idi, lakin son anda o, iştirakını təxirə saldı. Beləliklə, mən şadam ki, nəhayət, həmin an gəldi və biz mesajları çatdıra biləcəyik. Düşünürəm ki, bu gün yetərli suallara cavab verə biləcəyik, ilk növbədə, münaqişənin həlli ilə bağlı. Münaqişənin necə həll edilməsi haqqında danışmaq üçün hər şeydən öncə biz geriyə qayıtmalı və məsələnin tarixinə baxmalıyıq. Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bu, tarixi həqiqətdir və beynəlxalq hüququn normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Dağlıq Qarabağ bizim ölkənin ayrılmaz tərkib hissəsidir. Tarixi nöqteyi-nəzərdən, 1805-ci ildə Qarabağ xanı İbrahim xan Rusiya imperiyasının generalı Sisianovla saziş imzalayır. Bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçir. Kürəkçay adlandırılan həmin sazişdə, – sazişin mətni internetdədir, – Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış digər müqavilələr – Gülüstan və Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın qalan hissələri Rusiya imperiyasının tərkibinə keçir. Dağıstan, Gürcüstan və Ermənistan da həmçinin. Beləliklə, bu, məsələnin tarixi tərəfidir. Daha sonra Rusiya imperiyasının süquta uğradığı, Gürcüstan və Azərbaycan Demokratik respublikaları yaradıldığı zamanlarda Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə verdiyi ilk fərmanlardan biri Yerevanın Azərbaycandan Ermənistana verilməsi və onun Ermənistanın paytaxtı elan edilməsi ilə bağlı idi. Bu da, həmçinin tarixi faktdır. Əgər siz kiməsə nəsə verirsinizsə, bu, o deməkdir ki, həmin o nə isə sizə məxsus olub. 1921-ci ildə Bolşevik partiyasının Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdi. Saxlanılması barədə qərar, bəzi erməni tarixçilərinin yazdığı kimi verilməsi barədə yox. Bu da, həmçinin tarixi faktdır. Digər tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə fərman qəbul etdi. Beləliklə, bu, tarixdir. Sonralar, 1980-ci illərin sonunda Ermənistan Azərbaycana qarşı təcavüzə başladı, 300 min azərbaycanlı Ermənistan ərazisindən deportasiya olundu. Sonra Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizi işğal altına düşdü və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. Xalqımız etnik təmizləməyə məruz qalıb. 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti – Xocalı soyqırımını törətdi. Nəticədə aralarında 106 qadın, 63 uşaq olmaqla, 613 günahsız mülki şəxs vəhşicəsinə öldürüldü. Xocalı soyqırımını 10-dan artıq ölkə tanıyır.

Beynəlxalq hüquq məsələsinə gəlincə, yenə deməliyəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir. Mən planlaşdırılan vaxtdan daha çox istifadə etməmək üçün hələlik çıxışımı tamamlayıram. Təşəkkür edirəm.

Moderator: Təşəkkür edirəm, cənab Prezident. Xülasəyə görə təşəkkür edirəm. Cənab baş nazir, düşünürəm ki, biz bu məsələ ilə bağlı sizin fikirlərinizi eşitməyə hazırıq.

Nikol Paşinyan: Təşəkkür edirəm. Bilirsiniz, mən Prezident İlham Əliyevdən tarixin çox dərinliklərinə getməməyini xahiş edəcəyəm. Çünki erməni kralı Böyük Tiqran romalı hərbi lider Pompeylə danışıqlar aparan zaman bütün Cənubi Qafqazda və bütün dünyada Azərbaycan adlı ölkə olmayıb. Düşünürəm ki, çox uzağa getmək o qədər də düzgün deyil. Çünki mən daha uzağa gedə bilərdim və misal üçün, eramızdan əvvəlki 400-cü ildən başlaya bilərdim. Lakin mən bunu etməyəcəyəm. Çünki bunun düzgün yol olduğunu düşünmürəm. Dağlıq Qarabağın ölkə kimi hesab olunmasına gəlincə, deməliyəm ki, mən Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın … yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi. Bu, tamamilə qanuni qərar idi və budan sonra İosif Stalinin şəxsi təşəbbüsü əsasında bu qərar Moskvada dəyişdirildi. Bu, bir nov Stalin, Lenin və Atatürkün gizli sövdələşməsi idi. Qarabağ heç vaxt müstəqil Azərbaycan dövlətinin tərkib hissəsi olmayıb. Qarabağ Sovet İttifaqının formalaşması prosesi zamanı Azərbaycana verilib. Biz ərazi bütövlüyündən danışan zaman qərar verməliyik ki, biz hansı ölkənin ərazi bütövlüyü barədə danışırıq. Mənim sualım bundan ibarətdir. Azərbaycan müstəqil ölkə olaraq Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etmişdimi? Azərbaycanın Sovet İttifaqını tərk etdiyi kimi, eyni yolla Dağlıq Qarabağ da Sovet İttifaqını tərk edib. Siz indi deyə bilərsiniz ki, mən hazırda mövcud olmayan ölkə – Sovet İttifaqı barədə danışıram. Lakin Dağlıq Qarabağın da tərkibində olduğu Sovet Respublikası da mövcud deyil. Azərbaycan Sovet Sosialist Respublikası da mövcud deyil. Bu, həqiqətdir. Azərbaycanın Sovet İttifaqından müstəqillik əldə etdiyi kimi, eyni yolla Qarabağ həm Sovet İttifaqından, həm də Sovet Azərbaycanından müstəqilliyini əldə edib. Xocalıya gəlincə isə, 1990-cı illərin ortasında Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Rusiyanın “Arqumentı i Faktı” qəzetinə müsahibə verib. Həmin müsahibədə deyir ki, Xocalıdakı təxribat Azərbaycan müxalifəti tərəfindən onu hakimiyyətdən devirmək üçün təşkil olunub. Əslində, bu, baş verib. Çünki bu hadisə nəticəsində Ayaz Mütəllibov Azərbaycan prezidenti vəzifəsindən devrildi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrinə gəlincə. Bu sənədlərin ümumi mənası nə olub? Bu sənədlərin ümumi mənası hər cür zorakılığın qarşısını almaq və hərbi əməliyyatların dayandırılması məqsədilə qeyd-şərtsiz və dərhal atəşkəs elan edilməsindən ibarət olub. Biz BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsinə baxdıqda görərik ki, orada yazılıb ki, Azərbaycan atəşkəsi pozub və nəticədə torpaqlarını itirib. Hər şeydən öncə Təhlükəsizlik Şurası qətnaməsinin şərtlərinə əməl etməyən Azərbaycan özü idi. Bunu bəyan etmək çox vacibdir. Lakin bilirsiniz, mən Azərbaycan və Ermənistan liderləri üçün hər dəfə eyni şeyləri təkrar etməyin yaxşı yol olduğunu düşünmürəm. Lakin təəssüf ki, son 25, hətta 30 il ərzində biz hər dəfə eyni şeyləri təkrar edirik. Qorxuram ki, beynəlxalq ictimaiyyət müəyyən mənada eyni şeyləri eşitməkdən artıq yorula. Düşünürəm ki, biz yeni ideyalar gətirməliyik. Demək istəyirəm ki, mən qeyri-zorakı “Məxməri xalq inqilabı” vasitəsilə Ermənistanın baş naziri olanda anladım ki, 30 ildir davam edən münaqişəni bir və ya iki addımla həll etmək mümkün deyil. Mən düşündüm ki, bu problemin həlli üçün bizim inqilablara ehtiyacımız var. Mən mikroinqilab proseslərinə başladım və növbəti çıxışım zamanı siz mənə söz verdikdə mən sizə mənim təşəbbüskarı olduğum Dağlıq Qarabağ danışıqları prosesində mikroinqilabların rolu barədə danışacağam. Təşəkkür edirəm.

Moderator: Təşəkkür edirəm, cənab baş nazir. Bu, giriş nitqləri idi. Düşünürəm ki, hər ikinizin auditoriyaya təqdim etdiyiniz tarixi qeydlərin məntiqi ardıcıllığı olaraq və bir siyasi alim kimi mən həll yoluna keçmək istəyirəm.

Düşünürəm ki, tarixçilər bizə anlamaqda kömək edə bilər. Lakin onlar həmişə bizə prosesi necə irəli apara bilməklə bağlı kömək edə bilmirlər. Əgər auditoriyada tarixçilər varsa, onlardan üzr istəyirəm. Mən sizin fikirlərinizlə başlamaq istərdim, cənab baş nazir. Siz beynəlxalq ictimaiyyətdən müəyyən fikirlər eşidirsiniz, çox sayda təcrübəli danışıq aparanlardan, bu çağırış üzərində təqribən 30 il işləmiş və münaqişənin sülh yolu ilə həllini dəstəkləməyə çalışmış bir çox insanlardan, beynəlxalq ictimaiyyətdən Dağlıq Qarabağ problemi ilə bağlı görmək istədiyiniz və bu münaqişənin həllini irəli aparmaq üçün sizə kömək edəcək və sizi qane edəcək bir məqam nə olardı? Cavab vermək üçün iki dəqiqəniz var.

Nikol Paşinyan: Beynəlxalq ictimaiyyətin edə biləcəyi çox konkret bir məqam var. Bir məsələ aydındır ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Hərbi yolla həll yoxdur. Beynəlxalq ictimaiyyət bunu güclü və aydın şəkildə bəyan etməlidir. Əgər kimsə əksini düşünürsə, deyirsə ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli mümkündür, güman edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tərəflərinin xalqları cavab verərdi. Bu halda, biz deyə bilərik ki, münaqişə artıq həll edilib.

Lakin mən düşünürəm ki, bizim davamlı sülhə ehtiyacımız var. Ermənistan Dağlıq Qarabağı danışıqlar prosesində təmsil etmir. Lakin mən bilirəm ki, Ermənistan və Dağlıq Qarabağ regionumuzda davamlı sülh yaratmaq üçün real cəhdlər ortaya qoymağa hazırdır. Ermənistanın baş naziri kimi mən bu vəziyyəti anlayıram. Bu, nəinki təkcə ölkəmin təhlükəsizliyi üçün mənim məsuliyyətimdir, eyni zamanda, mən regional təhlükəsizlik və qlobal təhlükəsizlik üçün öz məsuliyyətimi anlayıram. Mən Prezident Əliyevi bu vəziyyəti davamlı sülh, sabitlik yaratmaq üçün bizim qarşılıqlı vəzifəmiz olaraq anlamağa və bu vəziyyəti təkcə milli gündəlik kimi deyil, həm də qlobal, regional təhlükəsizlik gündəliyi kimi və qlobal təhlükəsizlik üçün səylər göstərmək və töhfə vermək kimi vəzifə nöqteyi-nəzərindən anlamağa dəvət edirəm. Sizi əmin edirəm ki, Ermənistan və Dağlıq Qarabağ buna hazırdır.

Moderator: Təşəkkür edirəm, cənab baş nazir. Məlumatınız çox faydalı idi. Prioritetlərinizi bizimlə bölüşdüyünüz üçün sizə təşəkkür edirəm.

Prezident Əliyev, eyni sualı sizə verə bilərəm? Siz danışıqlar prosesində çox təcrübəlisiniz. Siz bu məsələ ilə bağlı bu otaqdakıların çoxları ilə təmasda olmusunuz. Lakin bizə anlamağa kömək edin. Hazırkı tarixi məqamda daha vacib olan nədir? Beynəlxalq ictimaiyyət prosesi irəliyə doğru aparmaq və münaqişənin sizin üçün ən məqbul və sülh yolu ilə həlli üçün sizcə nə edə bilər?

Prezident İlham Əliyev: İlk növbədə, mən bir şərh vermək istərdim. Mən tamamilə əminəm ki, biz hər ikimiz buraya həqiqəti demək üçün gəlmişik. Mənim giriş nitqimdə dediklərim 100 faiz həqiqətdir. Hansılar ki, elə indi yoxlanıla bilər. Sadəcə, internetə daxil olub istinad etdiyim həmin sənədləri taparaq siz kimin həqiqəti deyib-demədiyini anlaya bilərsiniz. İkinci şərhim budur. Mən, təəssüf ki, ermənilərin Xocalıda törətdiklərinə bəraət qazandırmaq cəhdinə çevrilmiş bu vəziyyətə aydınlıq gətirmək istərdim. Prezident Ayaz Mütəllibovun səhhəti çox yaxşıdır və Bakıda yaşayır. Ola bilsin ki, Ermənistan tərəfi bunu bilmir. O, bu yaxınlarda və bir neçə dəfə deyib ki, o, heç vaxt Xocalı soyqırımının azərbaycanlılar tərəfindən təşkil edildiyini deməyib. Günümüzdə deyildiyi kimi, bu, “feyk” xəbərdir. Rusiyadakı bəzi erməni jurnalistlər tərəfindən icad olunub və Rusiya mətbuatında dövriyyəyə buraxılıb. Lakin o, heç vaxt bunu deməyib. Bu, tamamilə bir həqiqətdir. Xocalıda soyqırımı törədənlərin adları hamıya məlumdur. Onlar yerli ermənilər idi, Ermənistandan olan ermənilər və diaspordan olan ermənilər idi. Bu şəxslərin adları hamıya məlumdur. Bu barədə çoxlu kitablar və beynəlxalq məqalələr çap olunub. Ona görə azərbaycanlıların özlərinin 63 uşağı, 100 qadını vəhşicəsinə öldürdüyünü demək, eyni zamanda, 1000 nəfərin itkin düşdüyünü söyləmək, bu, sinizmin zirvəsidir.

Beynəlxalq ictimaiyyətin nə etməli olduğu məsələsinə gəlincə, düşünürəm ki, ən vacib olan odur ki, beynəlxalq ictimaiyyət, – biz beynəlxalq ictimaiyyətdən danışan zaman əsasən ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini nəzərdə tuturuq, – onlar, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil! Heç kim bu qeyri-qanuni qurumu tanımır. Bu, birincisidir. İkincisi, düşünürəm ki, Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməklə bağlı beynəlxalq təzyiq daha çox Ermənistana göstərilməlidir. Çünki BMT Təhlükəsizlik Şurasından daha yuxarı olan beynəlxalq orqan yoxdur. Onlar 4 qətnamə qəbul ediblər. Onları yoxlamaq çox asandır. Mütəxəssislərə onların nömrələri məlumdur. Onlar nə deyir: Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Təkcə Dağlıq Qarabağ işğal edilməyib. Həmçinin onun ətrafındakı 7 rayon da işğal olunub. Ermənistan bunu gizlətmək istəyir. Bu, o 7 rayondur ki, ermənilər heç vaxt orada yaşamayıb. 1989-cu ilin son sovet əhali siyahıyaalınmasında Dağlıq Qarabağın əhalisi 189 min nəfər olaraq qeydə alınıb. Onlardan 139 mini ermənilər, 48 mini azərbaycanlılar və digər xalqların nümayəndələri idi. Beləliklə, Dağlıq Qarabağ və qədim şəhərimiz olan Şuşadan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Sonra bütün azərbaycanlılar 7 rayonda etnik təmizləməyə məruz qalıb. Ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər. Onlar hazırda bütün işğal edilmiş ərazilərdən ibarət olan Dağlıq Qarabağın xəritəsini çap ediblər. Sonra onlar deyirlər ki, biz bu reallıqlarla razılaşmalıyıq. Ona görə də beynəlxalq ictimaiyyət izah etməlidir ki, Dağlıq Qarabağ Azərbaycandır. İkincisi, təcavüzkara ciddi təzyiq göstərməlidir ki, dayansın. Baş nazir… bir dəqiqə gözləyin… Baş nazir indicə sülhdən danışdı. Yaxşı mən razılaşıram. Lakin onda bu, bu gün baş verənlə, təmas xəttində azərbaycanlı əsgərin erməni snayperi ilə öldürülməsi ilə necə uzlaşır?

Moderator: Hesab edirəm ki, çağırışın elementləri hər kəsə aydındır. Mürəkkəb tarix var, müxtəlif siyasi rejimlərin tərkibinə daxil olan ərazilər var, məcburi köçkünlərin və hər iki tərəfdən ölənlərin faciəsi, etimad və siyasi danışıqların irəliləməsi üçün zəmin yaratmaq məqsədilə kifayət qədər zaman kəsiyində tələblərinə əməl olunmayan atəşkəs var. Buna görə mən bu məsələlərin bəziləri ilə bağlı sizi sual verməyə dəvət edirəm.

Nikol Paşinyan: Mən bir neçə qeyd edə bilərəm?

Moderator: Mən suallara keçmək istəyirəm və güman edirəm ki, veriləcək suallar əsnasında bu məsələlərin bəziləri ilə bağlı fikirlərinizin davamını bildirmək imkanınız olacaq. Mənin rəhbərim burada əyləşib və mən qaydaları pozmaq istəmirəm, ona görə də suallara keçmək istəyirəm. Təşəkkür edirəm cənab. Bəli, buyurun, birinci sual, zənnimcə, auditoriyada mikrofon var. Buyurun. Sual vermək üçün şərait yaradıram, amma siz məni məyus edirsiniz. Bu, belədir? Cənab baş nazir, sizə qayıdıram. Cənab baş nazır, siz fikrinizin davamını bildirə bilərsiniz. Biz o suala qayıdacağıq. Buyurun.

Nikol Paşinyan: Bilirsiniz, mən bir neçə qeyd etmək istərdim. İlk növbədə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə bağlı. Orada Ermənistan qoşunları sözü yoxdur. Orada “yerli erməni qüvvələri” yazılıb. Bu, o deməkdir ki, Dağlıq Qarabağ əhalisi özünümüdafiə üçün qüvvələr yaradıb, orada Ermənistan qoşunları yazılmayıb. Qurbanlara gəlincə. Bəli, bu, faciədir, bu, münaqişədir və bu münaqişə nəticəsində minlərlə adam, həm erməni, həm də azərbaycanlı həlak olub. Bu, faktdır. Lakin şəxsən mən “Arqumentı i Faktı” qəzetində Azərbaycanın sabiq prezidentinin müsahibəsini oxumuşam. Düşünürəm ki, biz onu internetdə asanlıqla tapa bilərik. Tarixi faktlara gəlincə, “Dağlıq Qarabağ qanuni aspekt” kitabı var. Siz mənim dediklərimi orada tapa bilərsiniz və siz bunu tarix kitablarından tapa bilərsiniz. Şəhərin adları və etnik təmizləmə barədə. Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi.

Prezident İlham Əliyev: Xeyr. O, Dağlıq Qarabağda deyildi. O, Dağlıq Qarabağda deyildi. Xeyr, xeyr…

Moderator: Mən Sizə söz verəcəyəm.

Nikol Paşinyan: Yaxşı, yaxşı. Şaumyan var. Mənim fikrimcə Dağlıq Qarabağda. Yaxşı.

Prezident İlham Əliyev: Görürsünüz, yalan danışır.

Moderator: Mən Sizə söz verəcəyəm.

Nikol Paşinyan: Şaumyan rayonu var idi və 1988-ci ildə oranın əhalisi 100 faiz ermənilərdən ibarət idi. İndi isə orada bir erməni yoxdur və Şaumyan adı azərbaycanca adla əvəz olunub. Bu, mənim üçün çətin sözdür. Prezident Əliyev dedi ki, bu gün Azərbaycan əsgəri öldürülüb və mən deyə bilərəm ki, bu gün Qazaxda Ermənistan və Azərbaycan sərhədində erməni əsgər Azərbaycan snayperləri tərəfindən yaralanıb. Bu prosesi dayandırmaq üçün nə etmək bizim qarşılıqlı vəzifəmizdir?

Moderator: Çox sağ olun. Bu, sözü sizə vermək üçün yaxşı məqamdır. Cənab prezident, mən Sizə razı olmadığınız spesifik məqamlarla bağlı cavab vermək imkanı verəcəyəm. Sonra bizim sualımız var və mən bu fürsəti qaçırmaq istəmirəm.

Prezident İlham Əliyev: Sadəcə, şərhlərimi bildirmək istəyirəm. Çünki bir daha qeyd edirəm, mən buraya həqiqəti söyləməyə gəlmişəm. Bir daha deyirəm. Mən “Arqumentı i Faktı”da nə yazıldığını bilmirəm. “Arqumentı i Faktı” çox sayda erməninin çalışdığı bir qəzet, müstəqil qəzetdir. Rusiyanın aparıcı mətbuat orqanlarına rəhbərlik edən ermənilərin sayı bizə Azərbaycanda məlumdur. Beləliklə, onlar istədiklərini yaza bilərlər. Ona görə də mən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəsmi bəyanatına istinad edirəm. O deyib ki, heç vaxt belə deməyib. İndi isə baxın. Prezident, sabiq prezident, onun sözləri və bir ermənipərəst və ya erməni jurnalistin sözləri. Hansının dəyəri daha çoxdur? Bu, birincisi. Şaumyana gəlincə. Cənab baş nazir indicə qeyd etdi ki, Dağlıq Qarabağı Azərbaycana vermək qərarını Stalin verib. Bu, səhvdir. Bir daha Qafqaz Bürosunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda saxlamaq, Azərbaycana vermək yox. Əgər o Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir – Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür.

Moderator: Çox sağ olun cənab. Ümid edirəm ki, hər kəs qeydlər aparır, çünki bizə burada müxtəlif məqamlardan ibarət olan tarix dərsi verilir. Sualımız var. Buyurun. Xahiş edirəm özünüzü təqdim edin ki, biz kiminlə danışdığımızı bilək.

Auditoriyadan sual: Çox sağ olun. Mənim adım Forin Krinadır. Mən beynəlxalq hüquq üzrə Maks Plank İnstitutunun tədqiqatçısıyam. Prezident Əliyev artıq beynəlxalq hüququn rolunu qeyd etdi. Mənim sualım hər iki tərəfə aiddir. Siz bu mübahisəni xüsusi razılaşma vasitəsilə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edərdinizmi?

Moderator: Cənab Prezident, Sizdən suala birinci cavab verməyinizi xahiş edə bilərəmmi?

Prezident İlham Əliyev: Azərbaycan danışıqlar prosesinə sadiqdir, ona görə də biz ərazi bütövlüyümüzü danışıqlar yolu ilə bərpa edə biləcəyimizlə bağlı ümidlərimizi itirməmişik. Bu səbəbdən də hələ də bu ümidləri bəsləyərkən ola bilsin ki, bu, ən yaxşı seçim olmayacaq. Lakin əgər Ermənistan tərəfdən yeni yanaşma nəticəsində danışıqlar tamamilə pozulsa, onda əlbəttə ki, bu seçim nəzərdən keçirilə bilər…

Moderator: Təşəkkür edirəm, cənab Prezident. Cənab baş nazir.

Nikol Paşinyan: Dediyim kimi, biz də danışıqlar prosesinə, sülh prosesinə sadiqik. Düşünürəm ki, danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrliyi formatında aparılmalıdır. Biz çox intensiv şəkildə işləyirik. Qeyd etdiyim kimi, biz real dəyişiklik etmək və münaqişənin həllinə çatmaq üçün real səylər göstərməyə hazırıq. Lakin heç kim məndən danışıqlar prosesində etdiyim mini inqilablar barədə heç nə soruşmadı. Ümidvaram ki, imkanım olacaq.

Moderator: Xahiş edirəm, buyurun izah edin. Mən sizdən bizə bunu izah etməyinizi xahiş edirəm.

Prezident İlham Əliyev: Bəlkə gələn dəfə? Mən inqilablar haqqında eşitmək istəmirəm.

Moderator: Mini inqilablar, xahiş edirəm izah edin.

Nikol Paşinyan: Bilirsiniz, mənim konseptual qavrayışım ondan ibarətdir ki, artıq qeyd etdiyim kimi, uzunmüddətli münaqişəni bir-iki addımda həll etmək mümkün deyil. Niyə mən bizim mikroinqilaba ehtiyacımız olduğunu deyirəm. Çünki düşünürəm ki, şərti olaraq bizim mikroinqilaba ehtiyacımız var ki, onu mini inqilaba çevirək və ondan sonra danışıqlar prosesində real irəliləyişə nail olaq. Mikroinqilab nədən ibarət idi? 2018-ci ilin sentyabrında mən elan etdim ki, Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Ermənistan xalqı üçün, Qarabağ əhalisi üçün və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Niyə bu, mikroinqilabdır? Çünki mən istənilən həllin həm də Azərbaycan xalqı üçün məqbul olmalı olduğunu deyən ilk Ermənistan lideriyəm. İndi isə həmin inqilabdan bir ildən çox müddət ötəndən sonra mən istənilən həllin bütün tərəflər üçün məqbul olmalı olduğunu deyən təkcə Ermənistan lideri deyil, həm də Azərbaycan və Ermənistan liderləri arasında bunu deyən yeganə liderəm. Bu, çox mühüm mikroinqilabdır. Başqa bir inqilab, mətbuat konfranslarımdan birində mən azərbaycanlı və erməni sosial şəbəkə istifadəçilərini sosial şəbəkədən bir-birini incitmək, bir-birini hədələmək və bir-birini təhqir etmək üçün istifadə etməməyə, sosial şəbəkədən, yeni texnologiyalardan bir-birini daha yaxşı başa düşməyə çalışmaq üçün istifadə etməyə çağırdım. Bu, başqa bir yoldur. Mən birbaşa Azərbaycan xalqına müraciət etməyə çalışdım və əgər Prezident Əliyev etiraz etmirsə, mən Prezident Əliyevin Ermənistan xalqı ilə danışmağına da etiraz etmirəm. Lakin bizdə çox qəribə bir fakt var. Prezident Əliyev Dağlıq Qarabağın nümayəndələri ilə danışmaqdan imtina edir. Bu, çox qəribə faktdır. Dağlıq Qarabağın nümayəndələri ilə danışmadan Dağlıq Qarabağ münaqişəsini necə həll etmək mümkündür? Yeri gəlmişkən, Dağlıq Qarabağ ATƏT tərəfindən münaqişə tərəfi, danışıqlar tərəfi kimi tanınıb. Bu, iki dəfə – 1992-ci il martın 24-də və 1994-cü il ATƏT-in Budapeştdəki sammitində baş verib.

Moderator: Çox sağ olun.

Nikol Paşinyan: Çox sağ olun.

Moderator: Prezident Əliyev, icazə verin, sizdən soruşum. Müharibədən əziyyət çəkmiş Azərbaycan vətəndaşlarının, Ermənistan vətəndaşlarının, Dağlıq Qarabağ sakinlərinin və həmin işğal olunmuş ərazilərdən məcburi köçkünlərin təklif olunan üç mikroinqilab barədə fikirlərini öyrənmək və sosial mediadan düşmənçilik yaratmaq üçün vəziyyəti daha kəskinləşdirən bir qüvvə kimi deyil, insanların bir-biri ilə səmimi danışmaq üçün bir vasitə kimi istifadə edilməsi ilə bağlı nə düşünürsünüz?

Prezident İlham Əliyev: Bilirsiniz, mənim Ermənistan rəhbərləri ilə danışıqlar təcrübəmdən çıxış edərək, deyə bilərəm ki, mənim cənab Paşinyanın iki sələfi ilə də danışıqları aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Digər sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər. Lakin elə onların da hamısı buna fərqli tərzdə nail olmağa çalışıblar. İndi isə baş nazir Paşinyanın öz təklifi haqqında danışanda və söyləyəndə ki, həll variantı Azərbaycan xalqı tərəfindən qəbul edilən olmalıdır, mən buna cavab vermişəm və Azərbaycan xalqı üçün nəyin qəbul edilən olduğunu söyləmişəm. Erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər. Bu, onların fundamental hüququdur. Onlar Ermənistan rəhbərliyinə görə demək olar ki, otuz ildir bu hüquqdan məhrum ediliblər. Söhbət Dağlıq Qarabağdan getmir. Baş nazir Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə, “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil. Nəyə görə yox? Bu, başqa sualdır. Lakin o, tərəf deyil və biz onlarla danışmayacağıq. Biz təcavüzkarla danışıqlar aparırıq. Biz Dağlıq Qarabağla danışmağa hazır olarıq ki, Ermənistan həmin qeyri-qanuni rejimi maliyyələşdirməsini dayandırsın, bütün hərbi qoşunları Dağlıq Qarabağdan çıxarsın və bizim əraziləri tamamilə tərk etsin. Sonra isə bizim həmin insanlarla danışıq aparmağa arqumentimiz olacaq. Lakin nə qədər ki, onlar oradadır, bu, baş verməyəcək. Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq. Ərazi bütövlüyümüz bərpa edilməlidir.

İkinci hissəyə gəlincə, bu yaxınlarda biz jurnalistlərin qarşılıqlı səfərlərini təşkil etdik. Fikrimcə, bu, elə bir təcrübədir ki, biz onu qiymətləndirməliyik. Onun mənfi və müsbət tərəflərini qiymətləndirməliyik, çünki həm Ermənistan, həm Azərbaycandakı cəmiyyətin bir hissəsi bu formatı o qədər dəstəkləmədi. Lakin bu, hər iki liderin qərarı idi ki, buna bir cəhd edilsin. Biz sülh yolu ilə məsələnin həlli üçün hər bir imkanı sınaqdan keçirmək istəyirik. Erməni xalqını inandırmaq istəyirik ki, onlar daim bu cür yaşaya bilməz. Onlar bizimlə çözüm tapmalıdırlar və gələcəkdə qonşu kimi sülh şəraitində yaşamalıdırlar.

Moderator: Sizin burada konstruktiv cəhdləriniz haqqında söylədiklərinizi yüksək qiymətləndiririk, çünki biz bu yanaşmanı dəstəkləyirik. Bəlkə əlavə bir suala və yekun fikirlərə vaxtımız qalır. Auditoriyadan bir sual var. Buyurun.

Sual: Çox sağ olun. Adım Yelena Çernenkodur. Mən “Kommersant” qəzetinin rus jurnalistiyəm və “Münxen gənc liderləri 2015” təşkilatının üzvüyəm. Rusiya ATƏT prosesi çərçivəsində məsələnin həllinə çalışan ölkələrdən biridir. Belə başa düşdüm ki, təkliflərdən biri status məsələsinin sonraya saxlanması və tərəflərin daha həvəslə razılaşa biləcəyi məsələlərə diqqət yetirmək idi. Məsələn, Dağlıq Qarabağın ətrafında olan rayonlar, dəhlizin yaradılması və digər addımları nəzərdə tuturam. Beləliklə, siz status məsələsini sonraya saxlayaraq, bəlkə başqa addımlarla nəticələnə biləcək keçid həll variantı üçün hər hansı şans görürsünüzmü? Sağ olun.

Moderator: Prezident Əliyev, şərhiniz varmı?

Prezident İlham Əliyev: Bəli, düşünürəm ki, bu, mümkündür. Bu təklif Azərbaycan tərəfindən ciddi şəkildə nəzərdən keçirilmişdir və bütövlükdə, biz buna razılıq vermişdik. Bu, atıla biləcək ən məntiqli addımdır. Aydındır ki, biz bu münaqişəni mərhələlərlə həll etməliyik. Münaqişəni tam şəkildə bir gündə həll edə bilmərik. O, mərhələli olmalıdır və birinci mərhələdə jurnalistin söylədiyi və Rusiyanın təklif etdiyi kimi, işğal olunmuş ərazilərin bir qisminin azad edilməsi baş verməlidir, Azərbaycan məcburi köçkünləri həmin ərazilərə qayıtmalıdır, həmin ərazilərdə yenidən köçürülmə olmalıdır və eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi getməlidir. Bu halda, Dağlıq Qarabağın statusu hər iki tərəf hazır olanda sonrakı müzakirəyə qala bilər, çünki yerlərdə proses getməsə, ərazilərin azad edilməsi başlamasa, status üzərində razılığa gəlmək mümkün olmayacaq. Bizim mövqeyimiz ondan ibarətdir ki, status məsələsi Azərbaycanın ərazi bütövlüyünə müdaxilə etməməlidir. Eyni zamanda, biz həmişə söyləyirik ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda sülh və rahat şəkildə yaşayan çox sayda etnik azlıqlar var. Ərazi bütövlüyümüz tam bərpa olunarsa, ermənilər milli azlıq kimi, ölkəmizdə istənilən digər millətin nümayəndəsi kimi, bütün hüquqlara və imtiyazlara malik olacaqlar.

Moderator: Sağ olun Prezident Əliyev. Addımbaaddım kiçik inqilabları irəli doğru aparırıq. Bu mövzunu bəyənirəm.

Nikol Paşinyan: Yeri gəlmişkən, bizim bir kiçik və qarşılıqlı inqilabımız var. Ümid edirəm ki, bunu söyləməyə imkanım olacaq.

Moderator: Buyurun, söz sizindir.

Nikol Paşinyan: Bəli. İlk dəfə Tacikistanın paytaxtı Düşənbə şəhərində görüşəndən sonra biz Prezident Əliyevlə kiçik inqilab etdik, çünki həmin görüş nəticəsində gərginlik, ümumilikdə, görünməmiş dərəcədə azaldı. Biz təmas və informasiya məqsədli birbaşa xətti yarada bildik. Etiraf etməliyəm ki, bu halda, Prezident Əliyev və mən bu təşəbbüsün birgə müəllifləriyik. Prezident Əliyevin söylədiyi ərazilərə gəldikdə, Azərbaycanın nöqteyi-nəzərindən bunlar ərazidir. Lakin Qarabağın nöqteyi-nəzərindən, bu, təhlükəsizlikdir. Çünki biz anlamalıyıq ki, hazırkı status-kvo nə səbəbə görə yaranıb. Dağlıq Qarabağ öz müqəddəratını təyinetmə hüququndan yararlanmaq istədiyi zaman Dağlıq Qarabağın ermənilərinə qarşı hərbi əməliyyatlar başladı. Dağlıq Qarabağ erməniləri öz müdafiəsini təşkil etməyə məcbur oldular. Prezident Əliyev Şuşa haqqında danışdı. Dağlıq Qarabağın paytaxtı Stepanakert illər ərzində Şuşadan bombardman edilirdi. Dinc vətəndaşlar isə çox uzun müddət ərzində zirzəmilərdə yaşamalı idilər. Bu, həqiqətdir. Bilirsiniz, heç kəsin təhlükəsizliyi kənarda qala bilməz. Bu, Qarabağa da aiddir. Prezident Əliyev Azərbaycanın hərbi qüvvələri haqqında danışdı. Mənim oğlum hərbi qulluğu Dağlıq Qarabağda keçir. Lakin o, oraya həmvətənlərini müdafiə etmək üçün könüllü qaydada gedib, çünki o, tarixi, 1998-ci ildən nəyin baş verdiyini bilir. Mən Şaumyan rayonu haqqında artıq söylədim. Oranın əhalisi 100 faiz erməni idi. İndi orada heç bir erməni yaşamır. Biz çox böyük erməni əhalisi olan Naxçıvan məsələsini də bilirik. O, Azərbaycanın muxtar respublikasıdır. Hazırda orada heç bir erməni yoxdur. Bir cümləni də söyləyim. Prezident Əliyev deyir ki, Dağlıq Qarabağ danışıqların və münaqişənin tərəfi deyil. Lakin Azərbaycan iki dəfə Dağlıq Qarabağla razılaşma imzalayıb. Birincisi, 1994-cü ildə oldu. Bu, Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan arasında atəşkəs sazişi idi. Müdafiə nazirləri onu imzaladılar. Üç aydan sonra, 1994-cü ilin iyulunda onlar təsdiqlədilər ki, atəşkəs münaqişənin siyasi həllinə qədər qorunub saxlanılacaq.

Moderator: Bir sözlə, bizim sessiyamız başa çatır. Mən Prezident Əliyevə və baş nazir Paşinyana çox gözəl biliklərinə, bu söhbətə xüsusi bağlılıqlarına görə təşəkkürümü bildirmək istəyirəm. Fikrimcə, aydındır ki, hər iki lider münaqişənin həllinə və həmçinin onun necə həllinə də biganə deyillər. Biz bundan azını onlardan gözləyə bilmərik. Əlavə olaraq, hesab edirəm ki, bu çətin məsələni, onun dinamikasını, elementlərini tam həcmdə nəzərdən keçirdik. Mən hər ikinizə təşəkkür edirəm ki, biz, eyni zamanda, münaqişənin təsir göstərdiyi insanların həyatını yaxşılaşdırmaq üçün irəliyə getmək imkanların mümkün elementləri barədə də eşitdik. Kim bilir, bəlkə də mikroaddımlarla, mikroinqilablarla dinc yolla həllin tapılmasında konstruktiv proses başlaya bilər. Beləliklə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində belə bir tarixi fürsət bizə nəsib olduğu üçün biz çox xoşbəxtik. Fikirlərini bizimlə bölüşdüklərinə görə Prezident Əliyevə və baş nazir Paşinyana təşəkkürümüzü bildirək. Buyurun.

Prezident İlham Əliyev: Sadəcə, bir qeyd edim.

Moderator: Konstruktiv olsun.

Prezident İlham Əliyev: Konstruktiv, bəli. Öz müqəddəratı haqqında danışacağam. Yalnız bu haqda. Yerevanda əhalinin XIX əsrin əvvəlində 70 faizinin azərbaycanlı olması faktını bir yana qoyuram. Bunu bir yana qoyuram…

Moderator: Bu, konstruktiv deyil.

Prezident İlham Əliyev: Bunun haqqında danışmayacağam. Öz müqəddəratına gəldikdə, onlar hər zaman bu haqda danışırlar.

Moderator: 30 saniyə.

Prezident İlham Əliyev: Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!

Moderator: 30 saniyə

Nikol Paşinyan: Cənab Prezident, bu, o qədər də konstruktiv olmadı. Lakin mən deyərdim ki, Böyük Tiqranın dövründə bizim regionda yalnız iki millət var idi: ermənilər və gürcülər.

Prezident İlham Əliyev: Ermənilər və ermənilər.

Nikol Paşinyan: Nəinki Böyük Tiqranın dövründə, o cümlədən Baqratunilər, Arşakunilər dövründə də belə olub. Bunu istənilən tarix kitabında tapa bilərsiniz. Mən bu müzakirəyə görə çox minnətdaram və bir daha, vurğulamaq istərdim ki, Ermənistan və Dağlıq Qarabağ bu münaqişənin həllində real səyləri göstərməyə hazırdırlar. Təşəkkür edirəm.

Moderator: Hər kəsə təşəkkür edirəm. (Azərtac)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO