Güləşçilərimiz AÇ-nı 13 medalla başa vurdular
Azərbaycan güləşçiləri İtaliyanın paytaxtı Romada başa çatan Avropa çempionatında 13 medal qazanıblar. Qitə birinciliyinə 28 güləşçi ilə yollanan Azərbaycan millisi ümumilikdə 13 (iki qızıl, iki gümüş və doqquz bürünc) medal qazanıb.
Rakus.az xəbər verir ki, yarışın sonuncu günündə beş çəki dərəcəsində (61, 74, 86, 92, 125 kq) sərbəst güləşçilər xalça üzərinə çıxıblar.
Fevralın 16-da Aslanbek Alborov (92 kq) və Camaləddin Məhəmmədov (125 kq) komandamızın aktivinə bürünc medal yazdırıb. Bir gün əvvəl isə Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (65 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc mükafata sahib olublar. Beləliklə, sərbəst güləş üzrə Azərbaycan millisi qitə birinciliyini beş medalla başa vurub.
Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığma komandamızın üzvlərindən Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanaraq Avropa çempionatında tarixi uğura imza atıblar. İki qızıl, dörd bürünc medalla tarixinin ən məhsuldar qitə birinciliyini keçirən millimiz 116 xalla komanda hesabında ikinci yeri tutub.
Qadın güləşi üzrə yığmamızın heyətində Elis Manolova (65 kq) ikinci, Tatyana Omelçenko (62 kq) üçüncü yerdə qərarlaşıb. (Azərtac)