Neft Fonduna 450 milyon ABŞ dolları ödənildi
“Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi üzrə uzadılmış saziş çərçivəsində xarici investorlar tərəfindən ümumi bonusun üçüncü hissəsi – 450 milyon ABŞ dolları bu il yanvarın 7-də Azərbaycan Respublikası Dövlət Neft Fonduna ödənilib.
Rakus.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Ümumi bonusun ilk 2 hissəsi – hər biri 450 milyon dollar olmaqla 2018-ci və 2019-cu illərdə Neft Fonduna ödənilib.
Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2017-ci il sentyabrın 14-də imzalanan Sazişə əsasən, xarici investorlar tərəfindən 2018-2025-ci illər ərzində ölkəmizə ümumilikdə 3,6 milyard dollar ödənilməsi nəzərdə tutulur.