SOCAR enerjinin təbliğinə dair saziş imzaladı
SOCAR və dünyanın qabaqcıl enerji infrastrukturu şirkətlərindən biri olan “Snam” arasında bərpaolunan qazlar və dayanıqlı enerjidən istifadənin inkişaf etdirilməsi, habelə həmin qazların gələcəkdə Cənub Qaz Dəhlizi və TAP vasitəsilə nəqli üzrə əməkdaşlıq haqqında saziş imzalanıb. Hər iki şirkət TAP konsorsiumunda 20 faiz paya sahibdir və Cənub Qaz Dəhlizinin ən böyük səhmdarlarındandır.
Rakus.az xəbər verir ki, SOCAR-dan verilən məluata görə, saziş fevralın 20-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Kontenin iştirakı ilə SOCAR və “Snam” şirkətlərinin nümayəndələri tərəfindən imzalanıb.
Saziş enerji transformasiyası və dövri iqtisadiyyatla bağlı sahələrdə əməkdaşlığı əhatə edir:
– yeni yanacaqpaylayıcı məntəqələri inkişaf etdirməklə və sıxılmış təbii qaz (CNG), maye qaz (LNG) və hidrogendən (H2) istifadə etməklə dayanıqlı nəqliyyatın dəstəklənməsi. “Snam”ın törəməsi olan “Cubogas” bu layihəyə cəlb oluna bilər. Avtomobil istehsalçıları ilə əməkdaşlığın qurulması və avtomobillərin modifikasiya olunması da mümkündür;
– hidrogen istehsalı və müvafiq infrastrukturun inkişafı üçün mövcud imkanların araşdırılması.
“Snam” şirkətinin baş direktoru Marko Alvera deyib: “Bu layihə ilə “Snam” və SOCAR Azərbaycanda enerji transformasiyası və dövri iqtisadiyyata töhfə verərək iki ölkə arasında əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. Bundan başqa, biometan və hidrogenin inkişafı Cənub Qaz Dəhlizi və TAP kəməri vasitəsilə bərpaolunan qazların nəqli üçün yeni imkanlar yarada bilər və beləliklə etibarlı və çevik təchizat ilə yanaşı, ekoloji davamlılığı artırar”.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib: “SOCAR ətraf mühitə neqativ təsirlərin minimuma endirilməsi üzrə fəaliyyətində əhəmiyyətli addımlar atıb. Bu saziş enerji sənayesində davamlılığa doğru atılan daha bir mühüm addımdır. Bu addımın məqsədi ekoloji cəhətdən təmiz iqtisadiyyat yaratmaq, qlobal istiləşmənin məhdudlaşdırılmasına töhfə vermək, insanların rifah halının və həyat səviyyəsinin dayanıqlı inkişafına nail olmaqdır”.