YAP-da təqdimat keçirildi
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyində YAP könüllüləri tərəfindən Gürcüstanda yaşayan soydaşlarımız üçün toplanmış dərsliklərin təqdimatı keçirilib.
Rakus.az xəbər verir ki, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, bu tədbir Prezident İlham Əliyevin elan etdiyi “Könüllülər ili” çərçivəsində keçirilir.
Orucov qeyd edib ki, Prezident İlham Əliyevin məqsədi bütün gəncləri könüllülər hərəkatına cəlb etməkdir və YAP Gənclər Birliyi də bu istiqamətdə fəaliyyət göstərir, regionlarda silsilə tədbirlər keçirir: “YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Misirxan Həsənovun təşəbbüsü ilə 500 adda 2 min kitab toplanıb. Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı 800 kitab ilkin mərhələdə Gürcüstanda azərbaycanlıların təhsil aldığı 64 saylı məktəbə təqdim ediləcək. Bu, yetərli deyil və bu istiqamətdə təşəbbüslərimiz davam edəcək. Dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlı gənclər tariximiz, mədəniyyətimiz və incəsənətimiz barədə məlumatlı olmalıdır. Rusiya, Avropada və digər ölkələrdə yaşayan gənclərimizin də Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı maariflənməsi istiqamətdə çalışacağıq”.
Həsənov isə deyib ki, kitablar hər bir xalqın tarixini, mədəniyyətini, incəsənətini əks etdirir: “Bu səbəbdən də YAP Gənclər Birliyi və “Azərkitab”ın təşkilatçılığı ilə bu aksiya həyata keçirilib, ziyalılarımız bu kitabların toplanmasında bizə aktiv dəstək veriblər”.
Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib. (apa.az)