Rafael Ağayev Avstriyaya getdi
Azərbaycan karateçiləri fevralın 28-də Avstriyanın Zaltsburq şəhərində start götürəcək Karate1 Premyer Liqa turnirinə yollanıb.
Rakus.az Milli Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 3 gün davam edən yarışda 14 idmançı çıxış edəcək.
Baş məşqçilər Bahəddin Kandaz (kişilər) və Denis Morozov (qadınlar), eləcə də böyük məşqçi Şahin Xudaverdiyev kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov və Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (hər üçü 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyevanı (+68 kq) müşayiət edəcək.
Kata yarışlarına isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə yalnız Roman Heydərov qatılacaq.
Zaltsburqda Premyer Liqanı idarə edən referilər arasında beynəlxalq hakim Cahangir Babayev da olacaq. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışında 88 ölkədən 625 karateçi yarışacaq. Turnir karateçilərə həmçinin dünya və olimpiya reytinq xalları qazandıracaq.
Xatırladaq ki, İrina Zaretska daha əvvəl Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Karate1 Premyer Liqada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı vaxtından əvvəl qazanıb. Rafael Ağayevə də vəsiqə üçün Zaltsburqda üç qələbə kifayət edir.