XİN və Baş Prokurorluq bəyanat yaydı
Xarici İşlər Nazirliyi (XİN) və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar birgə bəyanat yayıb.
Rakus.az xəbər verir ki, XİN-dən daxil olan birgə bəyanatda bildirilib ki, 26 fevral 2020-ci il, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş qırğının 28-ci ildönümü tamam olur.
Qeyd olunub ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü nəticəsində, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazilərinin təqribən beşdə biri işğal olunub və bu ərazilərdə, eləcə də Ermənistan ərazisində yaşayan bir milyondan çox yerli azərbaycanlı etnik təmizləməyə məruz qalıb.
“Sözügedən təcavüz zamanı azərbaycanlı mülki əhaliyə qarşı çoxsaylı müharibə, sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən soyqırımı aktları törədilib və bu cinayətlərə görə məsuliyyəti məhz təcavüzkar tərəf olan Ermənistan Respublikası daşıyır.
Müharibənin gedişinin ən faciəvi səhifəsi Xocalı şəhərinin işğalı ilə əlaqədar oldu. Münaqişədən əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bu şəhərdə 7000 insan yaşayırdı. 1991-ci ilin oktyabr ayından şəhər tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alındı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə kütləvi artilleriya zərbələrinin ardınca Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı moto-atıcı alayının köməyi ilə Xocalını işğal etdilər. İşğalçılar Xocalını darmadağın edərək xüsusi amansızlıqla onun dinc əhalisinin soyqırımını törətdilər.
Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi və Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi.
Azərbaycan Respublikasına qarşı davam edən təcavüz fonunda Ermənistan tərəfindən törədilmiş müharibə, sülh və insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə Konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan istintaqla bir sıra hərbi qulluqçuların və digər şəxslərin Xocalı soyqırımının törədilməsində iştirakı tam sübuta yetirilib və onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımı, işgəncə, əhalini deportasiya etmə, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma və digər cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə müvafiq qərarlar çıxarılıb.
Xocalı soyqırımı epizodu üzrə aparılan istintaq zamanı 7500-ə yaxın istintaq hərəkəti icra edilib, o cümlədən 1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş şəxs qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib, digər istintaq hərəkətləri icra edilib.
Xocalı soyqırımından 1 il sonra, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməzliyini təsdiq edən 4 (822, 853, 874, 884 saylı) qətnamə qəbul etdi. Beləliklə, Ermənistanın ərazi iddialarına və əməllərinə cavab olaraq Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiq etdi və bütün işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi. Bu mövqe çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrində də öz əksini tapır.
Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.
Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər.
2020-ci ilin fevral ayında Azərbaycan Hökumətinin müraciəti əsasında tanınmış beynəlxalq hüquq eksperti Malkolm Şou tərəfindən hazırlanmış “Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş müharibə cinayətləri və Ermənistanın məsuliyyəti” adlı hesabat BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi dərc olunub. Əsas faktları, tarixi arayışı, beynəlxalq humanitar hüququn ümumi çərçivəsini və Ermənistanın məsuliyyətinin təhlilini ehtiva edən hesabatda Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində törədilmiş hərbi cinayətlər araşdırılır, o cümlədən Xocalı qırğını insanlığa qarşı cinayət və soyqırımı kimi xarakterizə olunur.
Lakin Ermənistan hələ ki, dünya ictimaiyyətinin mövqeyinə, xüsusilə Azərbaycanın zəbt olunmuş torpaqlarından işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymur və beləliklə, beynəlxalq hüququ kobudcasına pozmaqda davam edir. Ermənistan qəsb olunmuş ərazilərdə hərbi mövcudluğunu saxlayaraq, həmin ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini dəyişdirərək, yüz minlərlə azərbaycanlının orada yerləşən doğma yurd-yuvalarına qayıtmasının qarşısını alaraq, işğala əsaslanan mövcud status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.
Ermənistan Respublikasının beynəlxalq hüquqa zidd fəaliyyətləri ilə bağlı məsuliyyətləri ilə yanaşı, beynəlxalq cinayət hüququnun adət və müqavilə normalarına əsasən, Xocalı şəhərində törədilənlər də daxil olmaqla silahlı münaqişə kontekstində törədilmiş müəyyən fəaliyyətlər beynəlxalq cinayət əməlləri hesab olunur. Bu əməllərin törədilməsində iştirak etmiş şəxslər, eləcə də onlarla əlbir olan və onlara kömək edənlər də fərdi qaydada məsuliyyət daşıyırlar.
Rəsmi Yerevan Azərbaycan ərazilərini işğal etməsi və bu ərazilərdəki hərbi mövcudluğuna görə məsuliyyəti təkzib etməklə yanaşı, hətta Xocalı qırğınının guya ki, Azərbaycanlılar tərəfindən öz vətəndaşlarına qarşı törədildiyini utanmadan iddia edir və bununla əlaqədar, Azərbaycan Respublikasının keçmiş prezidenti Ayaz Mütəllibovun Rusiya KİV-ə verdiyi müsahibəsinə istinad edir. A. Mütəllibov dəfələrlə ona edilən bu istinadların yalan və iftira olduğunu, Xocalı qətliamının ermənilər tərəfindən törədildiyini bəyan edib.
Məlumdur ki, Ermənistan əvvəlki rəhbərliyinin bəzi nümayəndələri, digər çoxlu yüksək rütbəli siyasi və hərbi rəsmiləri və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış separatçı rejimin rəhbərləri ilə birlikdə, Azərbaycan torpaqlarının zəbt olunmasında və Xocalı da daxil olmaqla azərbaycanlı mülki şəxslərə və hərbçilərə qarşı zorakılıqda şəxsən iştirak ediblər.
Öz təqsirini utanmadan etiraf etmiş Ermənistanın o dövrdəki müdafiə naziri və sabiq prezidenti Serj Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində deyib: “Xocalıdan qabaq azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdırlar. Biz bu stereotipi sındırdıq” (Tomas de Vaal, Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında (Nyu-York və London, Nyu-York Universiteti Nəşriyyatı, 2003), səhifə 172)).
Danılmaz faktdır ki, bu gün ən qatı beynəlxalq cinayətlər, o cümlədən hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər, soyqırımı və etnik təmizləmədə adı hallandırılan heç bir şəxsə onun indiki və ya əvvəlki hər hansı statusu immunitet verə bilməz.
Hazırda Ermənistanda öz xalqına qarşı müxtəlif cinayətlərin törədilməsi ittihamları ilə barələrində istintaq və məhkəmə prosesləri aparılan şəxslərin Azərbaycan xalqına qarşı ən ağır cinayətlərin törədilməsinə görə də məsuliyyətə cəlb edilməsi həm beynəlxalq ədalətin bərqərar olunması, həm də Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla danışıqlar vasitəsilə nizama salınmasına mühüm töhfə verə bilər.
Azərbaycan Respublikası əmindir ki, milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquq çərçivəsində görülən davamlı tədbirlər cəzasızlığa son qoyulmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılmasına xidmət edəcək”, – deyə bəyanatda qeyd olunub.